“Baş verən olaydan xəbərim var. Heç kim bu cür hadisədən sığortalanmayıb. Ölən fəhlənin əmək müqaviləsi, sığortası və digər sənədləri qaydasında olub”. "gundemxeber.az" xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli jurnalistlər üçün tikilən yeni binada fəhlənin yıxılaraq ölməsinə münasibət bildirərkən deyib. O bildirib ki, sifarişçi kimi ancaq binanın keyfiyyəti ilə bağlı məsələlərə qarışa bilər: “Bu hadisə ilə bağlı binanı inşa edən “Portos İnşaat” şirkətinə heç bir irad tuta bilmərik. Bizim bu şirkətdən əsas tələbimiz keyfiyyətli işdir. Bu cür hallarda biz onlara heç nə deyə bilmərik”. KİV DF rəhbəri Nazirlər Kabinetinin açıq yerlərdə işlərin dayandırılması ilə bağlı ötən gün verdiyi qərarın icra edilməməsi hallarına da münasibət bildirib: “Mən yenə deyirəm ki, biz o şirkətdən bu məsələ ilə bağlı heç bir şey tələb edə bilmərik. Sifarişçi tərəf bu məsələlərə qarışmır. Əgər Nazirlər Kabinetinin məlum qərarını pozubsa, bu məsələ dövlət qurumu ilə şirkətin arasındadır. Biz o məsələyə qarışa bilmərik”. Xatırladaq ki, ötən gün yeni tikilidə faciə ilə bitən hadisə baş verib. Salyan yolu küçəsi-20 ünvanında jurnalistlər üçün tikilən binada Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Pünhan Müslüm oğlu Musayev 8 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində təmizlik işləri apararkən ehtiyatsızlıqdan yıxılaraq həyatını itirib. Avqustun 20-də baş verən bu hadisə həm də ona görə diqqət mərkəzindədir ki, ötən gün havanın temperaturunun 40 dərəcəni keçməsi səbəbindən açıq havada fəaliyyət göstərən təşkilatlarda iş rəsmi qərarla dayandırılmışdı. “Portos İnşaat”ın rəhbərlik etdiyi tikintidə ölüm faktının baş verməsi isə rəsmi qadağaya şirkətin məhəl qoyulmadığını göstərir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?