Cari il ərzində iki ölkənin ayrı-ayrı qurumları və şirkətləri arasında əməkdaşlığa dair müqavilələrin imzalanması gözlənilir
Azərbaycan və Çin arasında hərbi-texniki əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə bu il bir neçə hökumətlərarası sənədin imzalanması planlaşdırılır. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq Azərbaycan hökumətindən məlumat verilib. Bu kontekstdə yaxın vaxtlarda Azərbaycan Müdafiə Nazirliyi və Çin Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycana təmənnasız hərbi yardım göstərilməsi haqqında sazişin imzalanması planlaşdırılır. Bu günlərdə müqaviləni imzalamaq üçün Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi Nurulla Əliyevə xüsusi səlahiyyət verilib. Bundan başqa, cari il ərzində iki ölkənin ayrı-ayrı qurumları və şirkətləri arasında əməkdaşlığa və hərbi məmulatların alğı-satqısına dair müqavilələrin imzalanması gözlənilir. Qeyd edək ki, 2011-ci ildə dövlətlər arasında imzalanmış protokol çərçivəsində Çin Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə 6 milyon Çin yuanı (təxminən 951 067 ABŞ dolları) məbləğində təmənnasız hərbi əmlak yardımı göstərib. Yardım çərçivəsində Çin Müdafiə Nazirliyi tərəfindən Azərbaycana fərqli növlərdə 130 ədəd manqa üçün qış çadırları, 40 ədəd yay çadırları, xüsusi təyinatlı qoşunların desant çıxarması üçün 60 ədəd helikopter kəndirləri, uçuş heyəti üçün 20 ədəd QTK-1 şlemofonu (dəbilqə), uçuş heyəti üçün 50 ədəd oksigen maskası, 10 ədəd rezin qayıq, 26 ədəd RAFT-A-10 xilasetmə salı və 31 ədəd tənəffüs aparatı verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?