Bakıda mənzili qarət edən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 4-ü saat 03 radələrində Nail Rzayevin Gəncə prospektindəki mənzilinə Emin kimi tanıdığı və üzlərində maska olan iki naməlum şəxs daxil olub onun əl-ayağını yapışqanlı lentlə bağlayaraq, pul və zinət əşyaları tələb ediblər. Onlar mənzildə axtarış apararaq ev yiyəsinə məxsus bir ədəd qızıl üzüyü və iki ədəd mobil telefonu götürərək gediblər. Xətai RPİ 35-ci PB-nin keçirdiyi əməliyyat tədbirə nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Amid Qasımov, Umud Cəfərov və qardaşı Mirağa tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə cinayətin təfərrüatları barədə məlumat daxil olub. Məlumata görə, Xətai rayon sakini Nail Rzayev 2014-cü il sentyabrın 4-də 3 nəfər maskalı şəxsin onun evinə quldur basqını etməsi barədə polisə ərizə verib. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən şəxslər - Bakı şəhər sakinləri, 28 yaşlı Amid Qasımov, 26 yaşlı Ümid Cəfərov və 19 yaşlı Mirağa Cəfərov isti izlərlə yaxalanıblar. İstintaqla müəyyən edilib ki, Amid Qasımovla Ümid Cəfərov quldurluğun planını əvvəlcədən hazırlayıblar. Onlar Nail Rzayevin evində külli miqdarda pul və qızıl zinət əşyalarının olduğunu ehtimal edərək onu soymaq qərarına gəliblər. Saxlanılan şəxslər əvvəlcədən mağazadan yapışqan lent, əlcək və oyuncaq tapança alıblar.Saxlanılan şəxslər Nail Rzayevin yaşadığı evin qarşısına gəliblər. Ümid Cəfərov ev sahibini tanıdığından aldatma yolu ilə içəri daxil olub. Bir qədər sonra isə plana əsasən çöldə gözləyən Amid Qasımovla Mirağa Cəfərov başlarına maska keçirərək evə basqın ediblər. Onlar Nail Rzayevi vuraraq yerə yıxıb, sonra ayaqlarını yapışqan lentlə bağlayıblar. Saxlanılan şəxslər ev sahibini öldürəcəkləri ilə hədələyib pul və qızıl, eləcə də maaş kartını, kartın kodunu tələb ediblər. Lakin evdən heç nə tapa bilməyiblər. Öldürüləcəyindən qorxan ev sahibi ertəsi gün maskalı şəxslərə 1000 manat pul verəcəyini vəd edib. Saxlanılan şəxslər Nail Rzayevə məxsus 2 ədəd telefonu və 1 ədəd qızıl üzüyü də götürərək evdən çıxıblar. Ertəsi gün Nail Rzayevdən 1000 manat pulu almaq istəyərkən polis əməkdaşları tərəfindən cinayət başındaca yaxalanıblar. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?