Prezident İlham Əliyevin sentyabrın 11-də imzaladığı fərmanla “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il tarixli 13 iyun tarixli fərmanda edilmiş dəyişikliklərə müvafiq olaraq, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb.
Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, filialda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, müəllimlərin işlə təmin edilməsi imkanlarının araşdırılması və digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən İşçi Komissiyası yaradılıb.
Artıq bütün tələbələr könüllü olaraq seçdikləri digər ali təhsil müəssisələrinə yerləşdirilib və yaxın günlərdə dərslərə başlayacaqlar. Müəllim və digər işçi personalının işlə təmin edilməsi üçün tədbirlər davam etdirilir.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Müəllimlər İnstitutunda ciddi qanun pozuntuları aşkarlanıb. Təhsil Nazirliyinin ötən il Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilib, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub.
Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?