Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev müğənni Mətanət Əsədovanın “avtomobili bəzən 260-270 sürətlə idarə edirəm” açıqlamasına münasibət bildirib.
Şöbə rəisi publika.az-a bildirib ki, kimsə “mən filan sürətlə maşın sürürəm” desə belə, fakt olmadığı halda, onu məsuliyyətə cəlb etmək olmaz: “O fikirləşir ki, yəqin, sürətlə avtomobil idarə etmək prestijdir. Verilişdə də ondan soruşdum ki, hansı yolda saatda 260 sürətlə sürmüsünüz? Bizdə 260-la sürüləsi yol yoxdur. Heç bir radarda o sürətlə gedən avtomobillə bağlı məlumat da yoxdur. Bu xanım o sözü deməyi özünə qəhrəmanlıq hesab edir. Mən efirdə ona başqa nə deyəydim?
Müğənnilər qayda pozuntusunu hünər, şücaət, qəhrəmanlıq kimi qələmə verməyə çalışırlar. Ola bilər, onların düşüncə tərzi tam fərqlidir. Mən heç onun soyadını, maşınının markasını, nömrəsini bilmirəm. Bizdə belə uçot aparılmır. Qeydiyyat nömrələrinə əsasən hansı maşının qaydanı pozub-pozmamağı bilinir. Bəlkə, heç avtomobil onun adına deyil, yaxud başqa adamın istifadəsində olub. Bununla bağlı bizdə nə videogüntü, nə də qayda pozuntusunu sübuta yetirəcək foto var. Şəxsən mən onun sözünə inanmadım”. K.Əliyev bildirib ki, sənət adamlarının bu tip açıqlamaları yeniyetmə və gənclərə mənfi nümunədir: “Bu saat ulduz olmaq istəyən çoxdur. Ulduz olmağın da ən asan yolu müğənni olmaqdır. Ona görə indi hansı cavandan soruşsan, deyəcək ki, müğənni olmaq istəyir. Həmişə müğənnilərə izah etməyə çalışmışıq ki, sizin hərəkətləriniz gənclərə, yeniyetmələrə nümunə olmalıdır. Onlar bilməlidirlər ki, tanınmış adam adi vətəndaşdan fərqli olaraq, qaydalara daha ciddi riayət etməlidir”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?