Səhiyyə Nazirliyi ana ölümünün sayını azaltmaq üçün tədbirlər həyata keçirir.
Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətindən məlumat veriblər.
Xəbərdə deyilir ki, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün layihələr həyata keçirilir.
Mətbuat xidmətindən onu da dedilər ki, səhiyyə naziri Oqtay Şirəliyev Balakən rayonunda qəbul keçirərkən 5 aylıq hamilə, Qax rayon sakini Ülviyyə Məmmədova nazirə müraciət etmişdi: “Yaxın günlərdə isə həkimlərin səyi nəticəsində Ülviyyə Məmmədova həyata qaytarılıb. Ülviyyə Məmmədova İranda da olub. Onda anadangəlmə kəskin ürək qüsuru var. İranda xəstəyə hamiləliyin ilk aylarından sonuna kimi xəstəxanada qalmağı məsləhət görüblər. Lakin ailənin maddi imkanı buna yol verməyib, eləcə də xarici ölkədə doğuş riskinə görə ailə nazirə müraciət edib”.
Oqtay Şirəliyevin göstərişi ilə Ülviyyə Məmmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilib. Hamiləliyinin son üç ayını Perinatal Mərkəzin və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin kardioloqlarının ciddi nəzarəti altında saxlayıb və oktyabrın 1-də qeysəriyyə əməliyyatı keçirib. Əməliyyat Respublika Perinatal Mərkəzin baş həkimi S.Məmmədova və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Y.Əliyevin başçılığı altında icra olunub. Yeni doğulmuş körpə hazırda tam sağlamdır.
Səhiyyə Nazirliyi bildirir ki, ana olmaq arzusunda olan xanımlara yardım etməyə hazırdır. Lakin onlardan vaxtında həkimə müraciət etmələri, daim həkim nəzarəti altında olmaları tələb olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?