“Maddi təzminat davamızı cinayət işinin məhkəməsindən sonra qaldırmağı nəzərdə tuturuq”.
Bunu AzNews.az-a Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev deyib.
O bildirib ki, Bakı Şəhər Prokurorluğunda istintaq yekunlaşıb: “Vəkillə birgə istintaq materialları ilə tanış oluruq. İş Nəsimi məhkəməsinə göndərilib. Hesab edirəm ki, Nəsimi Prokurorluğunda aparılan istintaqdan fərqli olaraq, Bakı Şəhər Prokurorluğunda aparılan istintaq daha vicdanlı oldu və bir çox məqamlar üzə çıxdı.
Təəssüf edirəm ki, qanunvericilik həkimlərin hamısının layiq olduqları cəzanı almasına imkan vermir. Bu barədə həm müstəntiqlə, həm də vəkillərimizlə müzakirələr aparmışıq. Hazırda müstəntiq onkoloq həkimin kənarda qanunsuz əməliyyatının vergi qanunvericiliyi ilə tənzimlənmədiyini aşkarladığı üçün onun işini həm də Bakı Şəhər Vergilər departamentinin istintaq idarəsinə göndərib. Həmçinin əməlində dələduzluq olan digər həkim asissenti Fərəcullah İdrisovla bağlı da Nəsimi polisinə iş materialları göndərilir. Bu həkim bizi pula görə aldadaraq əməliyyatın keçirilməsinə inandırıb və heç bir texniki imkanları olmayan "Medi Sina" klinikasına gətirib. Digər maddi və mənəvi təzminat məsələləri isə məhkəmənin predmeti olacaq”.
Hazırda mənəvi təzminat davasının apelyasiya mərhələsində olduğunu deyən Anar Niftəliyevin sözlərinə görə, artıq sənədlər imzalanıb və yaxınlarda apelyasiya şikayətinə baxılacaq:
“Bildiyiniz kimi, Elnarə Tofiqqızının ölümü ilə bağlı mənəvi təzminat tələbimizi təmin etməyən və onkoloqla asistenti təmizə çıxaran, onlara mələk donu geyindirən Yasalam Rayon Məhkəməsinin hakimi ağır xəstəlik aşkarlandığı üçün xaricdədir və təəssüf ki, bu da apelyasiya şikayətimizin gedişinə ləng təsir göstərir”.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.
Ötən il sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə bağlı saxlanılan yoxdur. - See more at: http://axar.az/news/33876#sthash.L9QVbWUF.dpuf
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?