Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Şəmsiyyə Bəylərqızının şikayəti üzrə məhkəmə prosesi keçirilib.
"gundemxeber.az"-ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, prosesə hakim İlqar Murquzov sədrlik edib.
Xatırladaq ki, Şəmsiyyə Bəylərqızı İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin 741 min ABŞ dolları məbləğində pulunu mənimsəməkdə ittiham olunub. Ə.Süleymaninin şikayəti əsasında Şəmsiyyə Bəylərqızına Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, sabiq səfirlə ailə qurduğunu və ondan oğlu olduğunu bildirsə də, Əfşar Süleymani qadının onun etimadından istifadə edərək pulunu mənimsədiyini iddia edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Bəylərqızı 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bundna başqa, Ş.Bəylərqızı saxlanıldığı Bakı İstintaq Təcridxanasında qanunsuz əşya saxlayıb. Penitensiar xidmətin əməkdaşları onun kamerasına baxış keçiriblər. Baxış zamanı kameradan Şəmsiyyə Bəylərqızına məxsus mobil telefon və digər əşyalar tapılıb.
Buna görə də Ş.Bəylərqızına Cinayət Məcəlləsinin 317-2.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham verilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Ş.Bəylərqızı 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi həmin hökmləri birləşdirərək, Şəmsiyyə Bəylərqızı barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası çıxarıb. Hökmdən narazı qalan Şəmsiyyə Bəylərqizi apelyasiya şikayəti verib. O, Sabunçu Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Şəmsiyyə Bəylərqızının apelyasiya şikayəti qismən təmin edilib. Şəmsiyyə Bəylərqızının ittiham olunduğu Cinayət Məcəlləsinin 317.2.2-ci maddəsi həmin məcəllənin 317.2.1-ci maddəsinə tövsif olunub. Məhkəmə Şəmsiyyə Bəylərqızının cəzasını 10 il 3 aya endirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?