Hiddətlənmiş hüquq müdafiəçiləri bəyan ediblər ki, Mahatma Qandi, Martin Lüter Kinq kimi insanların abidələrinin sırasında ona yer yoxdur
Meksikanın paytaxtında Azərbaycanın eks-liderinə qoyulmuş tunc heykəl bu həftə söküləcək. Bu, «diktator»un belə şərəfə layiq olmaması ilə bağlı hüquq müdafiəçilərinin şikayətinin nəticəsidir. AFR agentliyinin məlumatına görə, Mexiko meri Migel Anhel Mansera çərşənbə axşamı bildirib ki, Heydər Əliyevin heykəli götürüləcək və hakimiyyət onun üçün başqa yer axtaracaq. «Biz bu həftə axtarışı davam etdirəcəyik», - Mansera Formula radiosuna bildirib. Ötən ilin avqustunda Azərbaycan səfirliyi şəhərin iki parkında və Çapultepek parkında heykəlin qoyulması üçün 5 milyon dollar ödəyib. Bundan sonra hiddətlənmiş hüquq müdafiəçiləri bəyan ediblər ki, bura Əliyev üçün deyil və Mahatma Qandi, Martin Lüter Kinq kimi insanların abidələrinin sırasında ona yer yoxdur. H. Əliyev 1993-2003-cü illərdə öz hakimiyyəti dövründə özgəfikirliliyi boğan, əleyhdarlarını həbsxanalara salan, KİV-i susduran diktator kimi tanınır. Heykəlin sökülməsi barədə Manseranın qərarına xarici siyasət üzrə bir qrup ekspertin heykəlin başqa yerə keçirilməsi ilə bağlı tövsiyələri səbəb olub. Onun sözlərinə görə, əvvəlki mer Marselo Ebrardenin vaxtında açılmış abidə üçün yeni yerin seçilməsi ilə bağlı Azərbaycan səfirliyi ilə danışıqlar aparılacaq. Azərbaycan səfirliyinin mətbuat katibi isə bildirib ki, səfirlik abidənin taleyi ilə bağlı «hər hansı qərar qəbul etməyib» və Meksika hökuməti ilə danışıqlar davam etdirilir. Xatırladaq ki, bundan əvvəl səfirlik bəyanatla çıxış edərək bildirib ki, abidə sökülərsə, Azərbaycan Meksika ilə diplomatik münasibətləri poza və Meksikaya çoxmilyonlu investisiyalardan imtina edə bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?