Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin bir neçə gün əvvəl şəhər mərkəzinin girəcəyində müavini Telman Məstanovu, şəhər icra nümayəndəsi Azil Aslanovu və Ağcabədi rayonundan olan Vüqar adlı sahibkarı hər kəsin gözü qabağında döydüyü bildirilir. Daxil olan məlumata görə, V.Abdullayev müavini Telman Məstanovla şəhər icra nümayəndəsi Azil Aslanova irad edib ki, şəhər girəcəyinin təmiri üçün rayonun daxili büdcəsindən onlara 150 min manat vəsait ayrılıb. Bu pul xərclənsə də, onun müqabilində az iş görülüb.
Günxəbər.az məlumat verir ki, 150 min manatlıq işin tenderini rayon icra nümayəndəsi Azil Aslanov Ağcabədi rayonundan olan Vüqar adlı bir sahibkarın şirkətinin adına yazdırıb: “Həmin vəsaitin böyük bir hissəsini Aslanov birinci müavinlə birlikdə mənimsəyib. İcra başçısı Vaqif Abdullayev görülən işi yoxlamağa gəlib. Burada birinci müavini ilə şəhər icra nümayəndəsinin gördükləri işlərlə bağlı hesabatlarını dinləyərkən əsəbiləşib və onları təpiklə vurub. İcra başçısı həmçinin Ağcabədi rayonundan olan Vüqar adlı sahibkarı da döyüb”. Bildirilir ki, Vaqif Abdullayev Telman Məstanov, Azil Aslanov və Vüqar adlı şəxsin üstünə qışqıraraq onların firildaqçı olduqlarını, dövlətin pulunu yalandan sağa-sola xərclədiklərini deyib və hər üç şəxsi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edib. Ətrafda olanlar da bunu görüb, eşidiblər.
Əslində 150 min manatlıq tenderin nə qədəri görülən işlərə xərclənib? Təkcə bu tenderdəmi dost-tanış qalib gəlib işi götürür, yoxsa həmişə belə olur? Döyməklə məsələ bitəcəkmi, yoxsa döyülən məmurlarla sahibkar mənimsənildiyi deyilən pulu necə geri qaytaracaqlar və sairə bu kimi suallara cavab almaq üçün Beyləqan rayon icra hakimiyyətinin telefonlarına zəng etsək də, zənglərimizə cavab verən olmadı. Mövzunu araşdırmaqda davam edəcəyik.
Sorğu
Yeni dizaynımız necədir?