Məlum olduğu kimi, Şamaxı təhsili çox zəngin bir tarixə malikdir. Qədim mənbə və məxəzlərin verdiyi məlumatlara görə, bu bölgədə təhsilin əsası mədrəsələr vasitəsilə qoyulmuşdur. Məşhur alman səyyahı və alimi Adam Oleari burada olarkən mədrəsələrdə dünyəvi elmlərin də öyrənildiyinin şahidi olmuşdur.XIX əsrin ikinci yarısından etibarən Şamaxı təhsili təşəkkül tapmağa başlamışdır. Həmin dövrdə burada ibtidai məktəb, qız məktəbi, rus-Azərbaycan məktəbi, xalq məktəbi və s. fəaliyyət göstərməyə başlamışdır. Bununla da Şamaxıda məşhur pedaqoqlar nəsli yetişmişdir. Bu gün onlardan S.Ə.Şirvaninin, M.Ə.Sabirin, S.M.Qənizadənin, H.Mahmudbəyovun, Ə.Orucovun, C.Cəbrayılzadənin, A.Çernyayevskinin və başqalarının adları böyük fəxr hissi ilə çəkilir.
Lakin əminliklə söyləmək olar ki, Şamaxı Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyevin adı bu böyük isimlərin sırasına düşməyəcək, düşə də bilməz. Çünki bu şəxs hələ keçən il bu vəzifəyə təyin olunanda söz çıxmışdı ki, Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qasım Qasımovun qohumu olduğuna görə irəli çəkilib. Onun daha əvvəl işlədiyi Müəllimlər İnstitutunun Şamaxı filialında kafedra müdiri vəzifəsində çıxardığı oyunlar barədə söhbətlər isə hələ də səngimək bilmir. Odur ki, Eminalıyev RTŞ müdiri vəzifəsinə təyin olunanda Şamaxı ziyalılarının bir qrupu bu təyinata etirazını bildirmişdi. Diqqəti çəkən bir məqam da bu idi ki, Eyvaz müəllim təzə vəzifəsinə nazirin təqdimatı olmadan, yalnız rayon icra başçısının əmri ilə təyin olunmuşdu, bu da narızılıq doğurmuşdu. Etirazlar isə heç də əbəs deyilmiş. E.Eminalıyevin şöbəyə rəhbərlik etdiyi tədris ilində Şamaxı təhsilində irəliləyiş əvəzinə, əksinə, geriləmə müşahidə olunmuşdur.
Təkcə bir o faktı qeyd etmək kifayətdir ki, Şamaxı məktəblərini 2013-cü ildə bitirən məzunlardan 200 nəfəri ölkənin müxtəlif ali məktəblərinə daxil olduğu halda, bu il bu göstərici 191-ə enib. Ucqar kənd məktəblərində davamiyyətin səviyyəsi olduqca aşağıdır. Hətta müəllimlər arasında da həftələrlə, aylarla işə çıxmayanlar vardır. Bundan əlavə, Eminalıyevin kadrları işə qəbul siyasəti də başqa meyarlara əsaslandığından, etirazlara səbəb olur. Onun kadr siyasətindən hətta təhsil nazirinə açıq şikayət məktubları KİV-də dərc olunub. Şamaxının kəndlərindən mərkəzə kurslara gələn uşaqların sayı günü-gündən artır. Bu da məktəblərdə nəzarətsizliyin nəticəsidir. Kənd məktəblərində riyaziyyat fənnini fizika müəllimi, rəsmxətt fənnini rus dili müəllimi və sair tədris edir. Suallar eşidilir ki, kənd məktəblərində kadr çatışmazlığı varsa, nə üçün vakant yer vermirlər? Bunu etməməkdə məktəb direktorlarının məqsədi nədir? Niyə bir müəllim bir neçə fənni tədris edir?Bütün bunlar və hələ sadalamadığımız digər neqativ hallar, cavabını gözləyən suallar göstərir ki, RTŞ müdiri Eyvaz Eminalıyev tutduğu vəzifənin öhdəsindən gələ bilmir, Şöbənin fəaliyyəti qeyri-məqbuldur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?