Son günlər ölkə mətbuatında Bakı küçələrində qeyri-əlverişli ərazilərdə pullu parklama yerlərinin yaradılması ilə bağlı məlumatlar yer alır.
Belə halların mövcud olması və hansı tədbirlərin görülməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, son dövrlərdə paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bir neçə yeraltı avtomobil duracağı yaradılaraq sürücülərin və avtomobil sahiblərinin istifadəsinə verilib:
«Bununla yanaşı, çox yaxşı haldır ki, paytaxt sakinlərinin gündəlik həyat və fəaliyyəti, eləcə də yol kənarlarında uzunmüddətli durmaların qarşısının alınması ilə əlaqədar yeraltı duracaqlardan kənar ərazilərdə tələbatdan asılı olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 300-dək yerüstü parketmə yerləri müəyyənləşdirilərək pullu xidmətlər təşkil edilib.
Qeyd olunan xidmətlərin fəaliyyətinin nəqliyyatın hərəkətinə təsiri ilə bağlı keçirdiyimiz növbəti müayinələr zamanı 80-dən çox yerüstü pullu parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edildiyi müəyyən olunub ki, bu da xüsusilə pik saatlarında nəqliyyatın fasiləsiz hərəkətinə manelər yaradır».
K.Əliyev deyib ki, belə yerlərlə bağlı BDYPİ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb və onların ləğvi ilə bağlı müvafiq tədbirlər görülür: «Hesab edirik ki, mərkəzdəki bəzi duracaq yerləri ləğv edilsə də, duracaqlara olan tələbatın ödənilməsi baxımından paytaxtın digər yerlərində də razılaşdırılmış qaydada yeni parklanma yerlərinin yaradılmasına ehtiyac var və bu məqsədlə araşdırmalar aparılır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?