Bakı Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzində yerləşən müəssisə və təşkilatlara xəbərdarlıq edib.
İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, icra başçısı Hacıbala Abutalıbovun "Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında" sərəncamına müvafiq olaraq Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması məqsədilə paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlanıb.
Məktubda deyilir ki, Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin və qanunsuz parklama, durma və dayanmanın aradan qaldırılması məqsədilə paytaxtın Neftçilər, G.Səfərəliyeva, Ü.Hacıbəyov (Hökümət evinin ətrafı), İstiqlaliyyət, (Gənclər meydanı, Qoşa Qala Qapısı), Əziz Əliyev, Azərbaycan, Ə.Cavad, Bül-bül, R.Behbudov, Azadlıq, 28 may, Xəqani, Xəqani adına bağın ətrafı (keçmiş "9 Yanvar" bağı), Nizami, Füzuli dairəsi, Ş.Qurbanov, Nizami metrostansiyasının qarşısındakı C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsi Ə. Hüseynzadə küçəsinə qədər olan hissə, Ş.Bədəlbəyli, S.Vurğun, Füzuli, M.A.Əliyev və şəhərin digər mərkəzi hissələrini əhatə edən küçə və prospektlərində, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin parklanması, durması və dayanması qəti qadağan edilib.
Məktubda daha sonra qeyd olunub ki, paytaxtın mərkəzi küçələrində yerləşən və istifadələrində avtomobil olan bütün idarə və müəssisələrdən, yerli və xarici nümayəndəliklərdən, beynəlxalq təşkilatlardan, həmçinin qeyd olunan qurumlarda çalışan və istifadələrində avtomobil olan əməkdaşlarından xahiş olunur ki, avtomobillərin parklanması, durması və dayanması qaydalarına riayət etsinlər: "Rəhbərlik etdiyiniz qurumlarda çalışan avtomobil sahiblərindən qeyd olunan problemin aradan qaldırılması məqsədilə xidməti və fərdi avtomobillərin Heydər Əliyev adına Saray ilə Füzuli meydanı arasında yeni istifadəyə verilmiş müasir tipli yeraltı avtomobil dayanacağında və ya digər yeraltı avtomobil dayanacaqlarında parklanmasını tövsiyə etməyiniz xahiş olunur".
Bakı Şəhər İcra Hakimiyyəti başçısı xəbərdar edib ki, əks təqdirdə nəqliyyatın sıxlığının və tıxacların qarşısının alınması məqsədilə adları qeyd olunan küçə və prospektlərdə, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin qanunsuz parklanması hallarının qarşısı sərt inzibati üsullarla alınacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?