Qaraçuxur məscidinin yandırılmasının növbəti terror hadisələrinə yol açacağı ilə bağlı ictimaiyyətdə fikirlər dolaşır.
Məsələ ilə əlaqədar Hafta.az-a açıqlama verən milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər hadisənin əsl mahiyyətini qiymətləndirib. O bildirib ki, artıq PKK-nı Azərbaycan üçün real təhlükə hesab etmək lazımdır:
“İlkin araşdırmanın ictimaiyyətə açılan hissəsindən bəlli olur ki, bunu törədən şəxslərin PKK ilə əlaqəsi var. Təbii ki, burada təşkilatçıların və sifarişçilərin üzə çıxarılması çox önəmlidir. Diqqət etsək, Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror hadisəsinin arxasında da PKK ilə əlaqədar şəxs dururdu. Buradan görünür ki, PKK məsələsi artıq Azərbaycanda yenidən gündəmə gəlməlidir. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti PKK-nı terror təşkilatı kimi tanımalıdır. Əks halda PKK ilə Azərbaycan arazisində mübarizə çox çətin olacaq”.
S.Əkbər bildirib ki, regionda yaranmış vəziyyəti həm dini, həm də hərbi siyasi müstəvidə analiz etdikdə görünür ki, Şimali Qafqazda və digər ərazilərdə terror-təhdid riski olduqca yüksəkdir:
“Azərbaycanda terrorla effektiv mübarizə aparmaq üçün ABŞ-da da tətbiq olunan terror-təhdid sistemindən istifadə etmək lazımdır. Dini zəmində məsələnin həssas olduğunu nəzərə alaraq, Azərbaycan hakimiyyəti kompleks tədbirlər həyata keçirməlidir. Doğrudur, hökumət bu sahədə işlər aparır. Ancaq hesab edirəm ki, proses daha kompleks şəkilə salınmalıdır. Çünki terror təhdidi Azərbaycanda yüksəlib. İstər PKK, istərsə də dini ekstremist qruplar tərəfindən Azərbaycan zaman-zaman təhdid olunur. Bu da bir daha qeyd edim ki, Azərbaycana terror-təhdid səviyyəsinin yüksək olduğunu göstərir. Məsələ ciddi şəkildə araşdırılıb hadisənin məqsədi, təşkilatçıları və ümumən proses haqqında ictimaiyyətə geniş məlumat verilməlidir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?