Sabirabad şəhərini Cavad kəndi ilə birləşdirən, yeni istifadəyə verilmiş körpüdən 1957-ci il təvəllüdlü, Cavad kənd sakini, Sabirabad 5 saylı məktəbdə müəllim işləyən Əhliman Hüseynov ona məxsus “07” markalı maşınla Kür çayına düşüb və maşındakı qonşusunun qızı, 9 yaşlı Hüseynova Güldəstəni xilas edərək özü suda batıb.
Bizimyol.info-nun xəbərinə görə, bu barədə sosial şəbəkədə Sabirabad sakini Sahib Rüstəmli məlumat paylaşıb.
S.Rüstəmlinin yazdığına görə, Ə.Hüseynov hadisə baş verdiyi gün hər zaman olduğu kimi, çalışdığı şəhər məktəbinə yaşadığı kənddən 4 şagirdini də gətirib. Lakin, həmin gün şagirdlərdən 3-ü dərsə getmək istəməyib: “Əhliman yaxşı üzə bilsə də, Güldəstəni maşından çıxararaq xilas etmək üçün çox əziyyət çəkib. Əhliman qışqırmağa başlayıb ki, “Kömək edin, daha taqətim tükənir”. Bunu eşidənlər maşınlarını saxlayaraq Kür aşağı sahillə ona tərəf qaçmağa başlayıblar. Qaçanlar arasında Türkədi kənd sakini Şıxəliyev Dəyanət Maqsud oğlu da olub. Dəyanət qızcığazı xilas edən Əhlimanın bərabərinə çatdıqda heç kimə qulaq asmadan suya atılıb və onlara tərəf üzməyə başlayıb. Əhliman qızı Dəyanət onlara 2-3 metr qalmış ona tərəf itələyərək batıb. Dəyanət isə uşağı tutub sahilə doğru üzməyə başlayıb. Ancaq onun da taqəti tükənməyə başlayanda ona tərəf kəndir atıblar. Beşinci cəhddə Dəyanət kəndiri tuta bilib və özü də, qız da xilas olub.
Əhliman şəhər məktəbində işlədiyindən kənddən həmişə 4 şagirdi də gətirirmiş. Həmin gün şagirdlərdən 3-ü dərsə getmək istəməyib. Dərsə getmək istəməyən şagirdlərdən biri Güldəstənin kiçik qardaşı olub. Valideynləri nə qədər təkid etsələr də o ağlayaraq məktəbə getmək istəmədiyini bildirib. Şagirdlər dərsə getmək istəmədiklərindən Əhliman yəqin ki, onlardan xəbər tutana qədər gündəki rejimindən daha çox vaxt itirdiyinə görə tələsib və maşını bərk sürüb”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?