Bir il 11 ay erməni əsirliyində qalan Aqilin vəziyyəti pisləşir
7 şəhid ailəsi ANS-ə məktub göndərib vətən uğrunda sağlamlığını itirən bir gəncə dəstək olmağımızı istəyib. Əslən Zaqataladan olan Aqil Əhmədov vaxtı ilə kəşfiyyatçı olub və döyüş tapşırığını yerinə yetirərkən yaralanaraq əsir düşüb. Əsirlik həyatı və bədənində gəzdirdiyi güllə 30 yaşlı Aqilin artıq səhhətində ciddi problemlər yaradıb.
ANS TV-nin məlumatına görə, bir il 11 ay erməni əsirliyində qalan Aqil Əhmədov həyata 2-ci dəfə gəldiyini deyir. Aqil 1997-ci ildə kəşfiyyat tapşırığını yerinə yetirərkən ağır yaralanır. Onunla birgə döyüşən 7 yoldaşının hamısı dünyasını dəyişir. Aqil isə huşsuz vəziyyətdə əsir düşür.
Keçmiş kəşfiyyatçı Aqil Əhmədovun sözlərinə görə, əsir qaldığı müddətdə ona olmazın əzab-əziyyət veriblər: "Bütün bunlara qatlaşmışam. Məni yaşadan Vətənə, ata-anama sevgim, geri qayıtmağıma ümidim, Allaha inamım olub. Orda nə qədər çətin vəziyyətdə olsa da aclıq, səhhətimdə yaranmış ciddi problem məni qırmadı. Çünki sağ tərəfimdən girən güllə hələ də ürək nahiyəmdə qalır”.
İki ilə yaxın əsirlikdə qalandan sonra Aqilə yenidən doğma vətəninə qayıtmaq nəsib olur. 1999-cu ildə iki erməni əsirlə dəyişdirilir.
Dözülməz əsirlik həyatı onun sağlamlığınada ciddi problemlər yaradıb. Bədənində bu gün də daşıdığı erməni gülləsi artıq qabırğaları ilə yanaşı, digər orqanlarını da sıradan çıxarır.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, güllə sümükləri parçalayıb, orada nəsə əlavə bir şey əmələ gəlib və o büyüyür, bu da səhhətimi günü-gündən pisləşdirir.
Keçmiş döyüşçü dövlət tərəfindən ona xeyli güzəştlər edildiyini deyir. Amma hazırda onun ciddi şəkildə müalicəyə ehtiyacı var. Həkimlər müalicənin Türkiyənin “Gülhanə Hərbi Tibb Akademiyası”nda mümkün olduğunu söyləyib. Buna isə ailənin maddi imkanı çatmır. Aqilin vəziyyəti ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra başçısının humanitar məsələlər üzrə müavini Vəfa Aqil Əhmədova köməklik ediləcəyini bildirdi. Onun xarici ölkədə müalicə olunması üçün xərcin müəyyən hissəsini icra hakimiyyəti öz üzərinə götürəcək. Vətən uğrunda sağlamlığından məhrum olan Aqil bu ağır vəziyyətində dövlətin yenə ona dəstək olacağına ümid edir.
Aqil Əhmədovla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamışıq. Qeyd edim ki, məhz Səhiyyə Nazirliyinin vətəndaşların ölkədənkənar müalicə edilməsi məsələləri üzrə komissiyası var. Hələlik nazirlikdən bir cavab ala bilməsək də ümid edirik aidiyyatı dövlət qurumlarımız vətən uğrunda sağlamlığından olan bu gəncə dəstək olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?