“ASAN xidmət” korrupsiyaya və rüşvətxorluğa qarşı institusional tədbirlər arasında xüsusi yer tutur və əminəm ki, əgər başqa ölkələrdə bu təcrübə tətbiq olunarsa, onlar da bunun müsbət cəhətlərini tezliklə görəcəklər. gundemxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumunda çıxışı zamanı deyib. Prezident bildirib ki, “ASAN xidmət”, eyni zamanda, insanların rahatlığı üçün yaradılmış bir xidmətdir. Təsadüfi deyil ki, adı da asandır: “İnsanlar burada vaxt itirmədən, heç bir bürokratik əngəllə üzləşmədən öz haqlarını tələb edirlər və alırlar. İstənilən sənədi dəqiqələr ərzində əldə edə bilirlər. “ASAN xidmət”, eyni zamanda, xidmətlərin mədəni şəkildə göstərilməsində də nadir bir təcrübədir. Sirr deyil, təbii ki, siz gənclər yəqin, bunu xatırlamırsınız, ancaq sovet dövrünün əlamətlərindən biri də bürokratiya və insanlara bəzi hallarda ictimai qurumlar tərəfindən qeyri-normal münasibət idi. Biz 23 ildir ki, müstəqil dövlət kimi yaşayırıq, ancaq hələ də o dövrün bütün fəsadlarını aradan götürə bilməmişik. Burada həm psixoloji məsələlər ortaya çıxır, eyni zamanda, müəyyən təcrübə də öz mənfi rolunu oynayır. Ona görə “ASAN xidmət”də olan xidmət növləri və eyni zamanda, xidmətə olan yanaşma tam fərqlidir. Bu, belə də olmalıdır. Azərbaycan vətəndaşları hər yerdə hörmətlə qarşılanmalıdırlar, xüsusilə dövlət orqanları tərəfindən. Onlara yuxarıdan aşağı baxılmamalıdır, onların haqları tapdalanmamalıdır. Onları dövlət məmurları incitməməlidirlər. Onlardan əsassız tələblər istəməməlidirlər. Bax, bu prinsiplər əgər tam şəkildə bərqərar olarsa, onda əlbəttə ki, bizim işimiz daha da sürətlə gedəcək”. Dövlət başçısı əlavə edib ki, “ASAN xidmət”də yaradılmış sistem belədir ki, burada insanlara böyük hörmətlə yanaşılır və hər şey ədalətli şəkildə həllini tapır: “Çünki bəzi hallarda indi məişətdə də biz görürük ki, ədalət pozulur, hətta indi bəzən elə hallar olur ki, kimsə növbəsiz qabağa keçmək istəyir, ancaq burada bu, mümkün deyil. Hər şey ədalətli, növbə ilə, şəffaf, təmiz. Heç kim deyə bilməz ki, kimsə məndən qabağa düşdü və kimsə məndən daha da yaxşı münasibət gördü. Bəli, xidmətlər sahəsində əldə edilmiş dönüş “ASAN xidmət”in böyük uğurudur”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?