Lerik rayonunda tükürpədici qətl hadisəsi baş verib. Ər arvadını və qayınanasını qətlə yetirib, daha sonra intihar edib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Lerikdə qeydə alınıb. Rayonun Pirzəküçə kəndində 33 yaşlı Cəmaləddin Cəbrayıl oğlu Surətov qayınatası Bağır Əliyevin evinə gələrək, iki azyaşlı körpəsinin gözü qarşısında arvadı, 25 yaşlı Məhsəti Surətova və qayınanası, 54 yaşlı Leyla Əliyevanı odlu silahla qətlə yetirib. Daha sonra Cəmaləddin Surətov 4 aylıq və 4 yaşlı uşaqlarını götürərək Pirzəküçə kəndində olan atasının evinə qayıdıb. Övladlarını valideynlərinə təhvi verən Cəmaləddin daha sonra tüfəngdən özünə atəş açaraq, intihar edib. Məhsəti Surətovanın yaxınlarının sözlərinə görə, Cəmaləddin bir neçə gün öncə arvadını döyərək uşaqları ilə birgə onu qayınatasıgilə göndərib, özü isə işlədiyi Sumqayıt şəhərinə gedib. Ötən gün rayona qayıdan Cəmaləddin Surətov qayınatasıgilə gələrək ailəsini evə aparmaq istəyib. Bu zaman Məhsəti onunla getməyəcəyini bildirib və nəticədə mübahisə yaranıb. Qeyd edək ki, Cəmaləddin Surətovun qardaşı da bir neçə il öncə özünü yataqxanasının 5-ci mərtəbəsindən ataraq intihar edib. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Sumqayıt sakini Lerikdə ailə-məişət münaqişəsi zəminində arvadını və qayınanasını qətlə yetirib, sonradan Pirzəkücə kəndində yaşayan atası Cəbrayılın evinə gedərək orada tüfəngdən açdığı atəşlə özünü öldürüb. Hadisə yerindən “Çhurçhill” (Vinçester) markalı tüfəng götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?