Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən, girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan məhkəmə prosesinə və barələrində çıxarılan “hökm”ə etiraz bəyanatı yayıb.
gundemxeber.az xəbər verir ki, bəyanat BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığının və ATƏT-in Ukrayna nümayəndəliyinə, bundan əlavə, ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələrin Kiyevdəki səfirliklərinə göndərilib.
Bəyanatda deyilir: “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən, girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan məhkəmə prosesinə və barələrində çıxarılan “hökm”ə etiraz edir. Ermənistan işğal etdiyi Azərbaycanın tarixi torpaqlarında, Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində guya sərhədləri pozmaqda ittiham olunaraq heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesi aparılıb. Halbuki D.Əsgərov və Ş.Quliyevin girov götürüldüyü torpaqlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir. Bu torpaqlarda doğulmuş, böyümüş D.Əsgərov, Ş.Quliyev, Həsən Həsənov doğma torpaqlarına yaxınlarının məzarlarını ziyarət etməyə gediblər. Onların heç bir gizli planı və təxribatçı niyyəti olmayıb. Onlar doğulduqları torpaqların həsrəti ilə Ermənistanın işğal altında saxladığı ərazilərə keçərkən girov götürülüb. Girov götürülmüş Həsən Həsənov Müxtəlif işgəncələrə məruz qalaraq öldürülüb. Qanunsuz “məhkəmə hökmü” ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Onlara qarşı bu qədər qəddar bir hökmün çıxarılması da beynəlxalq normalara və insan haqlarının qorunması prinsiplərinə ziddir. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822-ci qətnaməsində işğal olunmuş Kəlbəcər rayonunun Azərbaycan ərazisi olduğunu təsdiqləyib və bütün işğalçı qüvvələrin bu və işğal olunmuş digər ərazilərdən çıxarılmasını tələb edib. Bu qətnamədə BMT-nin Təhlükəsizlik Şurası bütün Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti ilə əlaqədar regionda, xüsusən də Kəlbəcərdə yaranmış fövqəladə humanitar vəziyyətdən ciddi narahatlığını ifadə edib. İşğal günündən 20 ildən artıq keçsə də, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu, habelə üç digər qətnaməsinə məhəl qoymamaqda davam edir və onun silahlı qüvvələri hələ də Azərbaycan, o cümlədən Kəlbəcər ərazisindədir ki, bu da Ermənistanın öz qanunsuz işğalının nəticələrini möhkəmləndirmək siyasəti yeritdiyini təsdiqləyir. Biz, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu olaraq, istədikləri zaman beynəlxalq hüquq və normaları xatırlayıb, istədəmədikləri zaman unudan bütün beynəlxalq təşkilatları əllərini vicdanlarına qoyaraq məsələyə hüquq norma və prinsipləri çərçivəsində yanaşmağa çağırırıq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?