Həsənova Münəvvər: “Bir qrup məmur özbaşınalıq edir”
Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivindəki 2 saylı binanın qarşısındakı ağaclar kütləvi şəkildə “soyqırım”a məruz qalır. Yaşıllığın məhv edilməsi gecə saatlarında baş verir. Demək olar ki, hər gecə 2-3 ağac kəsilir. Bu barədə musavat.com-a həmin 2 saylı binanın sakinləri məlumat veriblər.
Sakinlərin dediklərinə görə, ağacların kəsilməsi prosesi İlqar Abbasovun Suraxanıya icra başçısı təyin edilməsindən sonra başlayıb. Yaşayış sahəsinin sakinlərindən Həsənova Münəvvər baş verənlərlə bağlı icra hakiminin dəfələrlə qəbulunda olduqlarını bildirdi: “Yaşadığımız binanın qarşısı hasara alınmışdı. İmkan daxilində hasarın içərisinə ağaclar əkmişdik. İlqar Abbasov Suraxanıya icra başçısı gələndən sonra hasarlar söküldü. Üç ay bundan qabaq gördük ki, kimsə binanın qarşısını hasarlamaq istəyir. Buna etiraz etdik. Onlar da çıxıb getdilər. Amma bir həftədən sonra gecə gəlib, ağacların dibini qazaraq, beton tökmüşdülər. Ərazini isə hasara almışdılar. Bunları gördükdən sonra İcra Hakimiyyətinə müraciət etdik. 3 dəfə icra hakimi İlqar Abbasovun qəbulunda olduq. Hər dəfə bir bəhanə irəli sürdülər. Nəhayət, ərazinin bir sahibkar tərəfindən alındığını etiraf etdilər. Bir həftə bundan əvvəl böyük kölgəsi olan ağacın bir budağını kəsdilər. Onlara imkan vermədik. Aidiyyatı qurumlara müraciət etdik. Ekologiya Nazirliyindən bir nəfər gəlib dedi ki, bu, cinayətdir. Yanvarın 13-də gecə yenidən ağacların bir hissəni kəsiblər”.
Həsənova Münəvvər baş verənlərlə bağlı ölkə prezidenti İlham Əliyevə və Mehriban Əliyevaya müraciət etdi: “Yüzlərlə adam bu ağacların kölgəsində dincəlirdi. İndi bir qrup məmur özbaşınalıq edir. Bizi həbsxanada yaşamağa məcbur edirlər. Sakinlər olaraq, ölkə prezidenti İlham Əliyevə və Mehriban xanıma müraciət edirik. Baş verən haqsızlıqlarla bağlı sizdən başqa ümid yerimiz yoxdur. Bizə kömək olun. Cənab Prezident çıxışı zamanı məmurlara göstəriş vermişdi ki, vəzifələrinizdən sui-istifadə etməyin, xalqı tapdalamayın, xalqa qulluq edin. Budurmu, olunan qulluq?”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?