Mübariz Ağayevin «yaşıl soyqırım» siyasəti sakinləri qəzəbləndirib
Quba rayonundan redaksiyamıza yeni məlumat daxil olub. Xatırladaq ki, bir neçə gün əvvəl Qubada yenidən xalq narazılıqlarının baş qaldırması barədə xəbərlər yayılmışdı. Dünən isə aydın oldu ki, rayon sakinləri icra başçısı Mübariz Ağayevə 10 günlük möhlət veriblər. Mətbuata müraciət edən Quba sakinləri, Rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin “28 may” parkında gecə ikən 100 yaşı olan ağacları kəsdirdiyini bildiriblər. Sakinlərinin söylədiyinə görə, park Quba şəhərinin səfalı yerində, Qudyal çayın sahilində yerləşir. Rayonun yeni icra başçısı gecələr ağacları kəsdirərək ağac emalı sexlərinə satır. Sakinlər həmcinin qeyd ediblər ki, parkda gündüzlər ağac kəsilmir. Sakinlərin iddiasına görə, “28 may” parkının ərazisi oliqarxlardan birinə satılıb. Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin rəsmisi Taryel isə İbrahimov bildirib ki, parkda həqiqətən ağaclar kəsilir, amma burada başqa məqsəd yoxdur. Onun sözlərinə görə icra başçısı parkın yerində yeni park salacaq yeni ağaclar əkəcək və parkda gənclər evi inşa ediləcək. 100 yaşlı ağacların hansı zəruriyyət üzündən kəsilməsi məsələsinə isə T. İbrahimov cavab verməkdən imtina etdi. Bildirək ki, sakinlər icra başçısına 10 gün möhlət verdiklərini söylədilər: “İcra başçısı ağacların kəsilməsinə son qoymasa “Yaşıl soyqırımı dayandırın”adlı etiraz aksiyası keçirəcəyik”. Qeyd edək ki, “28 May “parkı Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşir. Rayon sakinlərinin verdiyi son açıqlamalardan isə aydın olur ki, bu gün də qeyd olunan ərazidə «yaşıl soyqırım» davam etdirilib: «Hər halda, bu cür ağacların yenidən yetişdirilməsi mümkün deyil. Park salırlarsa, olan parkı niyə dağıdırlar. Əgər durmayacaqlarsa, biz də öz sözümüzü deyəcəyik». Sakinlər bildirib ki, Heydər Əliyevin doğum günü ərəfəsində onlar aksiya keçirmək niyyətindədirlər. Bütün tərəfləri dinləməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?