Paytaxta daha 20 ədəd “İsuzu” markalı avtobus gətirilib.
Sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi Füzuli Sadıqov bildirib ki, “Avro 5” standartlarına cavab verən avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Yeni avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da quraşdırılıb. İyirmi dörd oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir. Avtobusların yan şüşələri salona düşən Günəş işığını təxminən 80 faiz azaldır.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC tərəfindən alınan yeni avtobusların sayı artıq 70-ə çatıb. Əlavə 130 avtobus isə birinci Avropa Oyunlarınadək paytaxta gətiriləcək. Müasir və komfortlu avtobuslar hazırda 65 saylı marşrut üzrə fəaliyyət göstərir. Yaxın günlərdə 61, daha sonra isə 79, 18, 85 saylı marşrutlarda da yeni avtobuslar xəttə buraxılacaq. / AzərTAc
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?