Dələduzluq edən şəxs həbsdən iki nəfərin azad olunması üçün müstəntiqlə sövdələşdiyini deyib
Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Astara rayon sakini, 1966-cı il təvəllüdlü Əliyar Qənbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Əliyar Qənbərov etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəldən maddi imkanı yaxşı olan şəxs kimi tanıdığı Hacırza Eyvazova zəng vuraraq həbsdə olan oğlu Loğman Eyvazovun azad olunması, digər oğlu Ağagül Eyvazova isə aşağı həddə cəza təyin edilməsi ilə bağlı cinayət işinin istintaqını aparan müstəntiqlə razılaşdığı barədə yalan vəd verib. O, bunun müqabilində Hacırzadan 50000 ABŞ dolları istəyib.
Əliyar Qənbərov Hacırza Eyvazovu etibardan sui-istifadə etməklə uşaqlarının taleyinin məhz həmin puldan asılı olduğuna inandırıb və istədiyi məbləğdə pulu verməyə razı salıb. Bu məqsədlə 2009-cu ilin avqust ayı ərzində dörd mərhələdə müxtəlif şəraitlərdə və vasitələrlə ondan ümumilikdə 38500 ABŞ dolları məbləğində pulu Hazırzadan alaraq ona qarşı dələduzluq edib.
Bundan əlavə, Hacırza Eyvazov oğlu Ağagül Eyvazov tərəfindən 20000 ABŞ dollarına satın alınmış “Hunday-Tukson” markalı avtomaşını 18 avqust 2009-cu il tarixdə həmin avtomaşını Əliyar Qənbərova verib. Əliyar Qənbərov həmin avtomobili əsas sahbinin xəbəri olamadan avqustun 19-da notariat kontorunda baş etibarnamə əsasında başqa şəxsə 16000 manata satıb. Avtomobili alan şəxsdə onun dələduzluğu ilə üzləşib.
1 oktyabr 2009-cu il tarixdə Hacırza Eyvazovun özü də həbs olunduqdan Əliyar Qənbərovun növbəti ovu ailənin qadını olub. O, Astara rayonunun Pəlikeş kəndinə gedərək Şükayə Eyvazovaya ərini həbsdən azad etdirmək barədə yalan vəd verib. O, Şükayə Eyvazovanın ümumilikdə 27000 ABŞ dollarını ələ keçirib.
Bu əməli ilə Əliyar Qənbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib və cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Əliyar Qənbərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmə 59400 manat Əliyar Qənbərovdan tutularaq Hacırza Eyvazova ödənilməsi barədə qərar qəbul edib.
Hökmdən məhkum edilmiş şəxs Əliyar Qənbərov, həmçinin zərərçəkmiş şəxs Hacırza Eyvazov apelyasiya şikayətləri veriblər. Hacırza Eyvazov apelyasiya
şikayətində Əliyar Qənbərovun məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsi hökmünün ləğv olunmasını, ona dəymiş ziyanın Əliyar Qənbərov və qardaşları tərəfindən ödənilməsini istəyib. O, “Hyunday Tucson” avtomobili, UAZ minik maşını və evini ailə üzvlərinin mülkiyyətinə keçirilməsini xahiş edib.
Əliyar Qənbərov apelyasiya şikayətini onunla əsaslandırıb ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı hökmü qərəzli və ədalətsizdir. Məhkəmə prosesi zamanı şifahi tələblərinə baxmayaraq işin əsas şahidləri Eyvazov Əlibala və İmaməliyev Əflatun dindirilməyiblər. Eyvazov Hacırza və Eyvazova Şükayəyə pul almaq üçün müraciət etməyib, əksinə Eyvazov Hacırza özü Bakı şəhərinə gələrək ona zəng vurub və oğlanları üçün bəzi vacib olan şeylləri etmək üçün xahiş edib.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən Əliyar Qənbərov bildirib ki, hal-hazırda Eyvazov Hacırza və Eyvazova Şükayə ilə şikayət və tələbin ləğvi barədə razılığa gəliblər. Onun sözlərinə görə, bunların heç birinə əhəmiyyət vermədən ona qarşı ədalətsiz hökm çıxarılıb: “Apelyasiya şikayətmndə əməlimdə dələduzluq cinayətinin tərkibi olmadığını göstərmişəm. Şikayət və tələb barədə qarşı tərəflə razılığa gəldiyimi nəzərə alınaraq barəmdə ədalətli qərar çıxarılması xahiş edirəm”.
Əliyar Qənbərovun müdafiəçisi Ağaveyis Şahverdi apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək müdafiə etdiyi şəxsin barəsində ədalətli qərar çıxarılmasını xahiş edib. Vəkil Əliyar Qənbərova həbs olmayan cəza ilə cəzalandırılmasını istəyib.
Prosesdə çıxış edən prokuror Ədalət Əzimov müdafiə tərəfinin apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Əliyar Qənbərovun əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu qeyd edib. O, bildirib ki, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınıb: “Əliyar Qənbərovun şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ədalətli cəza təyin olunub. Məhkəmənin hökmünün apelyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də apelyasiya şikayəti təmin edilməmlidir”.
Hacırza Eyvazov Şirvan Apelyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Əliyar Qənbərovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya
şikayətindən imtina edib. O, dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.
Tərəflərin şikayətini araşdıran hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, Əliyar Qənbərovun apelyasiya şikayəti qismən təmin olunub və onun cəzası 7 ilə endirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?