Sərdar Cəlaloğlu: “Bəzi adamlar boylarından hündürə tullanmaq istəyir, çünki onların işi avanturadır”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Gündəm Xəbər” qəzetinə müsahibəsində qarşıdan gələn Milli Məclis seçkiləri, müxalifətin durumu, perspektivləri, məqsədi, hakimiyyət-müxalifət dialoqu və digər mövzularda sualları cavablandırıb.
- Qarşıdan gələn parlament seçkiləri haqqında partiyanızın konkret qərarı varmı?
- Qərarımız var, seçkidə iştirak edəcəyik. Yaxın perspektivdə biz əslində seçkilərə “Azadlıq-2015” Seçki Bloku ilə getməyi fikirləşirdik. Bu məsələ gündəmdən çıxdığı üçün biz yeni variantlar üzərində düşünməliyik.
- Hansı variant üzərində düşünürsünüz?
- Hələlik sadəcə olaraq düşünürük, ortada konkret ideya yoxdur.
- Niyə “Azadlıq-2015” Seçki Blokunda təmsil olunmadınız?
- Burada iki səbəb var. Birincisi, biz hesab edirdik ki, bəzi məsələləri blok təsis edilmədən öncə məsləhətləşməliyik. Haqlı olaraq da, blokun təsisçiləri dedi ki, bu doğru deyil. Onda gərək hamı şərt irəli sürsün və sonra razılaşma əldə edilsin. Buna da müttəfiqimiz İqbal Ağazadə razı olmadı. Sonradan mən blokun iclasında iştirak etdim və belə qərara gəldim ki, bizim bu blokda təmsil olmağımız bir o qədər də maraqlı olmayacaq. Mən bəzi məsələləri də izah etmişdim. Orada təmsil olunan partiyalardan yalnız bir-ikisi ilə bizim bu günə qədər əməkdaşlığımız olub. Yerdə qalan səkkiz partiya ilə heç vaxt bir yerdə olmamışıq. Bizim nə əməkdaşlıq təcrübəmiz var, nə birgə fəaliyyətimiz olub, nə də ictimai-siyasi hadisələrə birgə baxışımız olmayıb. Mən də düşündüm ki, bu, bizim üçün çoxlu problemlər yaradacaq. Bu səbəbdən də blokda təmsil olunmadıq. Başqa səbəb yoxdur.
- Bəs bundan sonra fəaliyyətiniz nədən ibarət olacaq?
- İndiyə qədər fəaliyyətimiz necə olubsa, bundan sonra da elə olacaq. Çalışacağıq ki, mümkün olsa başqa bir blok yaradaq. Bu baş verməsə seçkiyə “Qarabağ” bloku ilə gedək. Bu da, alınmasa partiya şəklində seçkilərə qatılacağıq. Yəni ən müxtəlif variantlarımız var.
- Siz “Qarabağ” blokunda təmsil olunursunuz. Ancaq son prezident və bələdiyyə seçkilərinə blok şəklində gedə bilmədiniz. Sizə elə gəlmirmi ki, bu qeyri-ciddi blokdur?
- Bu seçkilər bir-birindən kəskin fərqlənən seçkilərdir. Burada ayrı problemlər, eləcə də maraqlar var. Əlbəttə, biz blokda müttəfiqlik edirik. Ancaq bu seçki bloku deyil və buna görə də, bizim seki məsələlərində razılaşmağımız da mütləq deyil. Siyasi blok olduğundan aramızda siyasi məsələlərə münasibətdə ziddiyyət yoxdur. Ona görə də, seçkilərdə fərqli mövqelərin olması normaldır. Ancaq sizə deyim ki, bu siyasi blok seçki blokuna çevrilə bilər.
- Müsavat-ADP bloku yarana bilərmi?
- Əlbəttə, yarana bilər. Niyə yaranmır ki?
- Bununla bağlı ideya varmı?
- Hələlik Müsavat Partiyası qeyd edib ki, aprel ayına qədər seçki məsələləri haqda müzakirələr aparmayacaq, apreldə bu məsələyə baxacaq. Bizdə Müsavatı aprelə qədər gözləmirik. Bəlkə Müsavat apreldə elə qərar verəcək ki, bizimlə birgə blok alınmayacaq. Deməyim odur ki, biz Müsavat Partiyasına görə, siyasətimizi müəyyən etmirik.
- Hakimiyyət-müxalifət dialoqunun sonu necə oldu, cəmi bir dəfə görüş oldu və bununla da məsələ bitdi?
- Məndə olan məlumata görə, fevralın 12-də sayca ikinci görüş keçiriləcək. Gözləyirik. Bir dəfə biz təşəbbüs qaldırdıq, indi də təşəbbüs hökumət tərəfindən gəlib. Əgər, dialoq olacaqsa, bu haqda mətbuata informasiyada veriləcək.
- Müxalifət partiyaları bir-birini hakimiyyətlə danışıqlara getməkdə ittiham edir...- Bunun mənası yoxdur. Ağıllı insan bütün malını bir gəmiyə yükləməz. Müxalifətin hamısının bir nəfər kimi dialoq prosesində iştirakı vacib deyil. Bəlkə bu müxalifəti məğlubiyyətə aparır. Əgər belədirsə, onda bu prosesdə iştirak etməyən partiyalar müxalifəti xilas edəcək. Yox, əgər baykot mövqeyi müxalifəti məğlubiyyətə aparırsa, dialoqa gedən tərəf onu xilas edəcək. Bu baxımdan müxalifətin hamısnın bu prosesdə iştirakı da vacib deyil. Müxalifətin öz daxilində də fikir azadlığı, hadisələrə fərqli baxışlar olmalıdır. İstər hakimiyyətə münasibətdə, istərsə də seçkilərə münasibətdə fərqli yanaşma olmalıdır. Bu elə demokratiyadır. Bəzən görürsən ki, biri deyir ki, biz birinci adamı söyürük, bəs siz niyə söymürsünüz. Müxalifətdə ayrı-ayrı partiyaların olmasının mənası odur ki, onlar müxtəlif yollar tutsunlar və irəliləsinlər. Bu yollardan hansı uğurla olsa, bundan da ümumi müxalifət bəhrələnsin. Yoxsa hamı durub eyni siyasəti aparacağıqsa və tutduğumuz xətdə yanlış olacaqsa, bu zaman müxalifət cəbhə boyunca uduzacaq.
- Ona görə ki, Azərbaycanda demokratiya şüuru yoxdur. Ölkə müxalifəti iqtidarla danışığa getməyi satqınçılıq kimi başa düşür. Halbuki, konsensus demokratiyanın əsas prinsipidir. O ölkədə siyasi həyat çoxluq prinsipi əsasında formalaşdırılır və azlıqda qalan alternativ fikrə hörmətlə yanaşılmır ki, orada bolşevizm olur. Konsensus olmayan yerdə hansı demokratiyadan danışmaq olar? Konsensus nədir? İqtidar və müxalifətin uzlaşdırılması. Uzlaşdırma olmasa, dünyanın hansı ölkəsində demokratiyadan danışıla bilər? İndi müxalifətdə bəzi adamlar deyir ki, iqtidarla uzlaşmaq olmaz. Elə iqtidarda da bəziləri deyir ki, müxalifətlə uzlaşmaq olmaz. Çünki bunlar totalitar təfəkkürlü insanlardır, demokratiyanın nə olduğunu bilmirlər. İndiyə qədər də bunu həzm edə bilməyiblər. Ancaq müxalifətdə bir qüvvə var ki, demokratiyanın nə olduğunu bilir, demokratik düşüncəyə malikdir və deyir ki, bəli, biz iqtidarla konsensusa gəlməli, bəzi məsələləri müzakirə etməli, razılaşmalıyıq. İqtidarda da müəyyən qüvvələr var və onlaq hesab edirlər ki, müxalifətin bu şəkildə gözardı edilməsi Azərbaycanı uçuruma aparır, radikal müxalifəti gücləndirir. Həm də xalın kortəbii çıxışlarına yol açır. Bu da dövlət və xalq üçün arzuedilən deyil. Ən başlıcası isə elə hakimiyyətdəkilər üçün ziyandır. Bunu sağlam düşünən insanlar bilir. Bizim əsas məqsədimiz hakimiyyətdə sağlam düşünən insanlarla müxalifətdə sağlam düşünən insanları bir araya gətirmək olmalıdır. Dialoqun da əsas məqsədi budur. Təbii ki, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin düşmən münasibətdə olmasını, xalqın cəbhələşməsini istəyən qüvvələr var. Çünki bu ümumilikdə bizi zəiflədir, məhv edir. Bizim dövlət kimi mövcudluğumuzun əleyhinə olan qüvvələr var və bunu gizlətmək də lazım deyil. Beşinci kalon elə budur da. Beşinci kalon təkcə o mənanı vermir ki, kimsə Rusiya gəlsin, bizi zəbt eləsin, ölkəyə başqa dövlətin ordusunu dəvət edək deyir. İqtidar və müxalifətin yaxınlaşmasına imkan verməmək, hadisələrin inkişafının qarşısını almaq, demokratik açılıma əngəl olmaq elə beşinci kolonun əməlləridir də.
- Burada partiyaların maraqları da rol oynayır. Bunu niyə qeyd etmirsiniz, sizin marağınız nədir?
- Siyasət elə maraqları təmin etmə sənətidir. Kimsə sənə desə ki, siyasətlə məşğul oluram, amma marağım yoxdur, demək həmin şəxs siyasətlə məşğul deyil. Maraq olmayan yerdə siyasət də yoxdur.
- Gəlin dəqiqləşdirək. AXCP hakimiyyət uğrunda mübarizə aparır, Müsavat indi daha çox qurultaydan əvvəlki mövqeyini əldə etmək üçün addımlar atır. Sizin məqsədiniz nədir?
- Maraqların müəyyən olunması və onun təmin edilməsi məsələsi var. Dialoq da əslində buna xidmət edir. Əgər tərəflər prioritet maraqlarından savayı ikinci dərəcəli maraqlarını da təmin etməyə cəhd edirsə, onda siyasi dialoqun mənası yoxdur. Təbii ki, hər bir partiya özünün əsas marağını müəyyən etməlidir. Bəli, kim ki hakimiyyəti total şəkildə istəyir, həmin qüvvə hakimiyyətlə nə dialoqa gedəcək? Kim ki, hissəvi hakimiyyət istəyir və az təmsilçilikdən imtina etmir, fikrimcə, onlar dialoqa gedə bilərlər.
- ADP-nin əsas məqsədi və marağı nədir?
- Bizim əsas vəzifəmiz qarşıdan gələn seçkilərdə iştirak etmək və parlamentdə təmsil olunmaqdır.
- Yəni hakimiyyət və birinc şəxs uğrunda mübarizədə siz yoxsunuz?
- Parlamentdə hakimiyyətdir də.
- Birincilik sizin prioritetinizə daxil deyil...
- Guya kimin prioritetinə daxildir?
- AXCP-nin...
- Kimsə deyirsə ki, mən birinci şəxs olmaq uğrunda mübarizə aparıram, demək mübarizə aparır? AXCP-ni deyirsiniz. Bu partiyanın sədri 8 ildir pasport ala bilmir. Bəzən insan reallıq hissini itirir, beynəlxalq konyukturanı nəzərə almır. Və beləcə öz arzularını deyirlər. Məncə, reallıqlar var. Qarşıdan parlament seçkiləri gəlir. Bu seçkilərdə bəyəm prezident dəyişdirilir? Parlament hakimiyyəti uğrunda mübarizə gedir, hər kəs də Milli Məclisə düşmək istəyir. O ayrı şeydir ki, kimsə deyə bilər ki, biz parlamentdə böyük çoxluğa sahib olmaq istəyirik. Bizim partiya isə sadəcə parlamentdə təmsil olunmaq istəyir. Kimin gücü, resursu, potensialı varsa, buyurub parlamenti götürsün. Bizim parlamenti götürəcək qədər nə üzvümüz, nə namizədimiz, nə də seçkidə lazım olan qədər vəsaitimiz var. Odur ki, biz qarşıdan gələn seçkilərdə qarşımıza uzağa gedən nəticələr qoymamışıq. Bu da bizim gücümüzə uyğundur. Mən boyumdan hündürə tullanmalıyam? Bəli, bəzi adamlar boylarından hündürə tullanmaq istəyir, çünki onlarınki avanturadır. Xalqa xoş gəlmək üçün belə bəyanatlar ola bilər, ancaq bununla qarın doymur. Azərbaycanda 20 ildir inkişaf yoxdur, çünki insanlar siyasəti oyunbazlığa çeviriblər. Neçə dəfə müxalifətin parlamentə geniş tərkibdə düşmək şansı olub, ancaq hər dəfə də müxalifətdə kiminsə ambissiyası, qeyri-real tələbləri bunu pozub. İndi də buna oxşar proses gedir.
- Doğurdanmı, 2005-ci ildə “Azadlıq” blokuna 30-35 deputat mandatı verilirdi...
- Bəli, həmin vaxt danışığımız olmuşdu. O zaman narıncı inqilab məsələsi, dünyada dəyişiklikər gedirdi. Açığını deyim ki, buna ümid də var idi. Amma müxalifətdən bəzi yoldaşlar dedi ki, biz 70-75 yer istəyirik. Qarşı tərəfdə geri çəkildi.
- Bu prosesi kim pozdu, kim 35 deyil, 70 yerin verilməsi halda buna razı olmağın mümkünlüyünü bəyan etdi?
- Konkret olaraq 75 nəfər ifadəsini Əli Kərimli işlətmişdi. Deyirdi ki, biz 75 yer götürə bilərik. Sonra da öz aramızda dedi ki, daha çox rəqəmə nail olmaq üçün 75 rəqəmini işlədib. Ancaq həmin vaxt xaricilər demişdi ki, müxalifət və hakimiyyətdən 35 nəfər seçkilərə qatılsın, yerdə qalan dairələr isə azad buraxılsın. Buna da bizimkilər razılıq vermədi.
- Heç indi sizə 2 mandat da təklif etməzlər...
- Hər bir dövrdə müxalifətin gücü və potensialına əsasən təkliflər verilir. İndi də müxalifətin özünün beynəlxalq hadisələrə uyğun konyukturası var. Buna əsasən də vəziyyəti dəyərləndirəcək. Əslində liderin vəzifəsi qrupun gedəcəyi yeri doğru müəyyən etməkdir.
- Müxalifətin potensialını necə qiymətləndirirsiniz?
- Azad seçki olsa, müxalifət 40 dairədə mandat ala bilər.
Sorğu
Yeni dizaynımız necədir?