Ölkəmizə qanunsuz silah gətirən mütəşəkkil dəstənin üzvləri hökmdən narazı qaldılar
Sumqayıt Apellyasiya Məhkəməsində qaçaqmalçılıqda ittiham olunan Əşrəf Muxtarov, Adəm Niftiyev, Bayram Hüseynov, Nazim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində Rusiya Federasiyasından Azərbaycana ərazisinə qaçaqmalçılıq yolu ilə silah keçirmək istəyən Əşrəf Muxtarov, Adəm Niftiyev, Bayram Hüseynov, Nazim Hüseynov həbs olunub. Adı çəkilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında Rusiya Federasiyası ərazisindən külli miqdarda əşyaları, eləcə də qanunsuz olaraq qaz silahlarını qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətiriblər.
Müəyyən edilib ki, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Adəm Niftiyevin və digərlərinin sifarişləri əsasında 2013-cü il fevralın 20-də Əşrəf Muxtarov Rusiyaya gedib. O, Moskva şəhərində külli miqdarda pnevmatik tapança, siqnal və falş patron, fişəng atan qurğular, pistonlar, hava balonları, “Gietcher SVVB4” modelli pnevmatik revolver, elektroşoker, eləcə də “ŞOK” modelli qaz silahları olan aerozol qurğular alıb.
Əşrəf Muxtarov əldə etdiyi pnevmatik tapançaların bir hissəsi sonradan qrupun üzvü Nazim Hüseynov vasitəsilə qaçaq yolla Rusiyadan Azərbaycana keçirib. Həmin silah-sursatı Adəm Niftiyevə və digər sifarişçilərə çatdırılması üçün Mahaçqala şəhərində hazırda şəxsiyyəti istintaqla araşdırılan Ramazan adlı şəxsə təhvil verib. Əşrəf Muxtarov qaz və pnevmatik silahların, eləcə də digər ləvazimatların daha bir hissəsini yenidən qaçaq yolla Azərbaycan ərazisinə keçirərək Adəm Niftiyevə çatdırılması üçün qrupun digər üzvü, əvvəlcədən 800 manat müqabilində ümumi razılığa gəldikləri Rusiya Federasiyasının vətəndaşı Bayram Hüseynova verib.
İstintaq sənədlərində daha sonra qeyd olunur ki, Nazim Hüseynov həmin pnevmatik tapançaları Mahaçqalada Ramazan adlı şəxsdən götürün və qaçaq yolla Azərbaycan ərazisinə keçirmək üçün özünə məxsus “Mercedes-Benz” markalı sərnişin avtobusunun salonunda gizlədib. Qrupun digər üzvü Bayram Hüseynov isə qeyd olunan pnevmatik silahları, müxtəlif əşyaları və qanunsuz olaraq qaz silahlarını idarə etdiyi “Qaz 2705” markalı, Rusiya Federasiyasına aid avtomaşının salonunda və yük hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerlərində gizlədib.
Beləliklə, 2013-cü ilin mart ayında Nazim Hüseynov idarə etdiyi “Mercedes-Benz” markalı sərnişin avtobusunda gizlətdiyi pnevmatik tapançaları, Bayram Hüseynov isə idarə etdiyi “Qaz 2705” markalı yük avtomaşınında gizlətdiyi külli miqdarda pnevmatik və qaz silahları, eləcə də müxtəlif əşyaları “Samur” gömrük buraxılış məntəqəsindən gizli olaraq Azərbaycan ərazisinə gətiriblər.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nazim Hüseynovun idarə etdiyi “Mercedes-Benz” markalı sərnişin avtobusu və Bayram Hüseynovun idarə etdiyi “Qaz 2705” markalı yük avtomobili saxlanılıb.
Məhkum: “Məhkəmə mənə ədalətsiz cəza təyin edib”
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 206.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar qaçaqmalçılıq) 228.4-cü (qanunsuz olaraq qaz silahını əldə etmə, satma və gəzdirmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əşrəf Muxtarov 6 il, Adəm Niftiyev 6 il, Bayram Hüseynov 6 il, Nazim Hüseynov 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyiblər.
Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Nazim Hüseynov çıxış edib. Nazim Hüseynov bildirib ki, birinci instansiya məhkəməsi onun əməllərinin tövsif edilməsində bir çox vacib məqamları nəzərə alsa da, amma qiymət verməyib: “Mənə cəza təyin edilərkən cəza təyin etmənin prinsiplərinə formal yanaşılmayıb. Birinci məhkəmə instansiyası tərəfindən mənə ədalətsiz cəza təyin edilib. Hakimlər şəxsiyyətimi xarakterizə edən hallara qiymət verməyiblər”.
Vəkil: “Qarabağ əlilinə ədalətsiz cəza verilib”
Nazim Hüseynovun vəkili Günay Sultanova qeyd edib ki, məhkum Nazim Hüseynovun şəxsiyyətinə, işin faktiki hallarına, iş üzrə mövcud olan yüngülləşdirici hallara uyğun gəlməyən azadlıqdan məhrumetmə cəzası təyin olunub. Vəkil əlavə edib ki, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci və ya 70-ci maddəsinin tətbiq olunması üçün iş üzrə kifayət qədər əsaslar mövcuddur. Müdafiəçinin fikrincə, məhkəmə tərəfindən Nazim Hüseynova cəza təyin edilərkən ümumiyyətlə Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl edilməyib.
Vəkil əlavə olaraq bildirib ki, Nazim Hüseynov törətmiş olduğu əməli etiraf edib və səmimi peşmançılıq hissi keçirib: “Nazim Hüseynov ailəlidir, himayəsində iki övladı olmaqla onlardan biri yetkinlik yaşına çatmayıb. Müdafiə etdiyim şəxs ali təhsillidir, əməyə meylli olub və fərdi əməklə məşğul olub, ailəsinin maddi təminatı yalnız onun üzərindədir. Həmçinin Nazim Hüseynov hərbi mükəlləfiyyətlidir, bölük komandiri olub, Qarabağ uğrunda gedən müharibədə - Füzuli rayonunda ağır yaralanıb və müharibə veteranıdır. Müdafiə etdiyim şəxsin həyat yoldaşı məcburi köçkündür və şəkər xəstəliyindən əziyyət çəkir”.
Təqsirləndirilən şəxsin əmlak davası
Müdafiəçinin fikrincə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə azim Hüseynova cəza təyin edilərkən, o, əsassız və qanunsuz olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Əşrəf Muxtarovun vəkili Eyvaz Məmmədov bildirib ki, hökmlə 5 ədəd aerozol qurğulu qaz silahları, 12 ədəd “PM” modelli 4.5 kalibrli pnevmatik tapançalar, 25 ədəd “MP-654K.” modelli 4,5 kalibrli pnevmatik tapançalar, 99 ədəd qələm formalı fışəng atan qurğular, 297 ədəd 15 mm kalibrli fışəng patronlar, 50 ədəd 16 kalibrli gilzlər, 450 ədəd 12 kalibrli gilzlər, 9000 ədəd piston, 810 ədəd 12 kalibrli işıq-işarəverici patronlar, 20 ədəd 16 kalibrli işıq-işarəverici patronlar, 900 ədəd 16 kalibrli gilzlər, “Sayqa” və “Sayqa-7,62” modelli yivli ov karabinlərinin 20 ədəd tətik qırmaqları dövlət nəfınə müsadirə edilib. Müdafiəçinin fikrincə hökmün Muxtarov Əşrəf Fikrət oğlu barəsindəki hissəsi qanunsuz və əsassızdır. Eyni zamanda, qeyd edilən və onun qanuni mülkiyyətində olan əmlakların müsadirə edilməsi də əsassız və qanunsuzdur. Apelyasiya şikayətində əlavə olaraq göstərilib ki, Əşrəf Muxtarov cinayət işi üzrə ilk gündən səmimi ifadələr verərək əməlindən peşman olduğunu bildirib.
Vəkil qeyd edib ki, Əşrəf Muxtarovun əmlaklarını heç biri cinayət yolu ilə əldə edilməyib: “Əldə edilən əmlaklar cinayət yolu ilə əldə edilib və vəsait hesabına əldə edilməyib. Əmlaklar tam qanuni vəsait və əsaslarla əldə edilib. Əmlaka sərf edilən vəsait şəxsin şəxsi mülkiyyətində olan vəsaitlərdir. Ancaq, həmin əmlaklar qanuna zidd olaraq yəni, qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilib. Bu hərəkətinə görə də ona Cinayət Məcəlləsinin 206.3-cü maddəsi ilə ittiham verilib və həmin əmələ görə də ona cəza təyin edilib. Ona görə də, göstərilən əmlaklara Əşrəf Muxtarovun mülkiyyət hüququ heç bir halda itirilə bilməz”.
Digər təqsirləndirilən şəxslərin müdafiəçiləri və özləri çıxış edəndən sonra hökm elan edilib. Məhkəmənin yeni hökmünə əsasən, Əşrəf Muxtarov 3 il 2 ay, Adəm Niftiyev 3 il 1 ay, Bayram Hüseynov 3 il 1 ay, Nazim Hüseynov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?