Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda ittiham olunan Mehman Novruzovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən, M.Novruzov barəsində şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, dövlət itrihamçısı M.Novruzovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman cinayət törədib. O, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib.
Belə ki, M.Novruzov “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə bir ay müddətinə “Samur” Gömrük postuna ezam olunub. O, həmin ərazidə 5539 manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə Cəmil adlı şəxslə cinayət əlaqəsinə girib. Beləliklə, M.Novruzov vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edərək, qaçaqmalçılıq edib və dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olub. Daha sonra bu əməli müəyyən edilib və o saxlanılıb. Məhkəmənin qərarı ilə M.Novruzovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Novruzova qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.//Virtualaz.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?