Bakı günü-gündən dəyişir, müasirləşir və daha Avropa standartlarına uygun bir yön almaqdadır. Amma nə yazıq ki, hələ də Bakımızın mərkəzində mal-qara saxlanılır. Bu nə fermada nə də insan yaşayışından uzaq məsafədə deyil, məhz insanlarla bir yerdə
yaşayır. İy, üfunət, antisanitariya baş alıb gedir. Bu əsasən Bakı kəndlərində saxlanılır. Buna söz yox, amma gəlin əyri oturaq düz danışaq. Bakının Əhmədli qəsəbəsi hazırda demək olar mərkəz yerdir. Metro, şadlıq sarayları, uca binalar nə qədər bu qəsəbəyə gözəllik versə də, inəklərlə insanların yaşayışı bütün bu görkəmi alt-üst edir. Adiyyatı orqanlardan xahiş edilməlidir ki, buna bir əncam çəksinlər. “Donuz qripi” nə bilim daha nə istəsən belə natəmiz şəraitdə adama yoluxar. Övladlarımızın və uşaqlarımızın bu cür şəraitdə yaşaması çox acınacaqlıdır. Bir təsəvvür edin ki, müasir və yenidən qurma işləri aparılan Bakıda fərdi qaydada necə-gəldi mal-qara saxlanılır. Bunun üçün müəyyən olunmuş bir qayda var ki, mal-qara insan yaşayışından uzaq və ya müəyyən olunmuş fermalarda saxlanmalıdır. Düzdür, hər kəs öz fərdi yaşayış yerində nə istəsə saxlamağa qadirdir, amma bu insan sağlamlığına fəsad törədəcəksə, bu mümkünsüzdür. Havaların istiləşməsini nəzərə alsaq, iy və üfunətdən doğru dürüst pəncərələri açmaq mümkünsüz olur, təmiz havaya möhtac qalan bu insanlar gözlənilən bu yay da necə yaşayacaqlarını bir Allah bilir, bir də bəndə. Şəhərin şəhər yeri var, kəndin kənd... Amma bu insanlar o qədər ürəkləri yumşaqdır ki, az qala inəklə bir dam altında yaşayacaqlar. Bir söz desən deyirlər çörək-pulum ordan çıxır. Bunu anlamaq olar, əgər ki, onun sağlamlığımız üçün törətdiyi fövqəladə vəziyyəti nəzərə alanda, adamın gözünə nə çörək pulu görükür, nə də başqa nəisə...
Bunun üçün Bakı şəhəri İcra hakimiyyəti, Bakı şəhəri Xətai rayonu İcra hakimiyyəti və Bələdiyyə idarəsi, o cümlədən, Ekologiya Nazirliyindən və Kənd Təsərrüfatı Nazirliyindən bu işlə bağlı fövqəladə tədbir görülməsi fövqəladə dərəcədə vacibdir.
“Gündəm Xəbər” bu məsələni araşdıraraq, yalnız Əhmədli qəsəbəsində 20-dən artıq bu cür mal-qara ilə bir yerdə yaşayan ailənin olduğu haqqında məlumat əldə edib. Xatırladaq ki, bu mal-qara nə tibbi müayinədən, nə də Ekologiya Nazirliyi tərəfindən tibbi yoxlanışdan keçmədən insan yaşayışının sıx olduğu ərazidə saxlanılır. Bu cür antisanitar vəziyyətin aradan qaldırılması üçün adiyyatı orqanların gərəkən tədbirləri görməsi tələb olunur!
P.S. Bakının mal-qaralı görünüşü heç də Birinci Avropa Oyunlarına ev sahibliyi edən bir dövlətin paytaxtının görünüşünə bənzəmir. Ümid edək ki, Birinci Avropa Oyunları zamanı Bakıya qonaq gələn xarici vətəndaşların yolu Əhmədlidən düşməyəcək...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?