"Manatın ucuzlaşması istehlak bazarında bahalaşmaya səbəb olacaq".
Bunu ANS PRESS-ə açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. O bildirib ki, manatın ucuzlaşması idxalı bahalaşdırır. İqtisadçının fikrincə, hazırki vəziyyətdə Azərbaycana idxal olunan məhsulların qiymətində artımlar müşahidə olunacaq:
"Nəzərə alsaq ki, idxal olunan məhsullar dollarla ifadə olunur, bu zaman manatın ucuzlaşması həmin malların dəyərinin yüksəlməsinə gətirib çıxarır. Güman edirəm ki, xarici ölkə istehsalı olan malların qiyməti bahalaşacaq".
Mütəxəssisin sözlərinə görə, manatın devalvasiyasının mənfi olduğu qədər müsbət tərəfləri də var: "Müsbət tərəf ondan ibarətdir ki, ölkədə ixracın stimullaşdırılmasına imkan yaranacaq. Manatla istehsal olunan mallar xarici ölkələrə dollar və avro ilə satıldığı üçün bu amil ölkədə ixracla bağlı sərfəli şərait yaradacaq", - deyə iqtisadçı-alim qeyd edib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, 1 Avronun rəsmi məzənnəsi isə 1,19 səviyyəsində müəyyən edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?