Fəzail Ağamalı: “Ancaq biz ABŞ-ın anti-Rusiya blokunda iştirak edə bilmərik” Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Azərbaycan-Amerika münasibətləri, münasibətlərdə yaranan gərginlik, ABŞ dövlət katibinin müavini Viktoria Nulandın Bakı səfəri, Azərbaycan-Rusiya münasibətləri və digər maraqlı mövzularda suallara cavab verib. - Fəzail bəy, Azərbaycan-Amerika münasibətlərinin gərgin olduğu deyilir. Siz, bu münasibətləri necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Azərbaycan-Amerika münasibətləri yüksək səviyyədədir. Çünki hər iki dövlətin marağı var ki, münasibətlər yüksək səviyyədə olsun. ABŞ Azərbaycanı özünü strateji müttəfiqi kimi elan edib və bu cür də yanaşıb. Ancaq ABŞ elə bir ölkədir ki, orada bir sıra hallarda dövlət mövqeyindən başqa digər münasibətlər sistemi də mövcuddur və bunun AB-ın rəsmi siyasətinə təsirləri olur. Başqa sözlə, ABŞ-Azərbaycan münasibətlərinin tarixi kökləri var. Azərbaycan mütəqillik əldə etdikdən bu yana münasibələr durmadan inkişaf edir. ABŞ-da Azərbaycanın müstəqilliyinə dəstək verir. Bu iki ölkə arasında enerji təhlükəsizliyi, xüsusilə neftlə bağlı anlaşmalar var. Avropa ilə də bu cür əməkdaşlıq mövcuddur. Münasibətlər enerji, təhlükəsizlik, iqtisadi, beynəlxalq terrorizmə qarşı və demokratiya sahəsində əməkdaşlığı əhatə edir. Bu sahədə Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirir və öz öhdəliklərinə sadiq olan dövlət kimi tanınır. O cümlədən ABŞ siyasətinə təsir göstərə bilən erməni amili var. Uzun illərdir ki, onlar ABŞ-da kök atıb, ciddi diaspora qurublar. Bu diasporanın bütün dünyada və eləcə də ABŞ-da bir türk problemi var. Bu faktoru onlar özləri üçün yaradıblar və Azərbaycana, eləcə də Türkiyəyə qarşı problemlər yaratmağa çalışır, bir sıra hallarda buna nail olurlar. ABŞ-ın dövlət katibi Con Kerri ABŞ-dakı erməni diasporu tərəfindən müdafiə olunan şəxsdir. Erməni diasporu məhz onun vasitəsilə Azərbaycana qarşı ən müxtəlif işlər görmək istəyir. Yeri gəlmişkən, 20 Yanvar hadisəsinin ildönümü ərəfəsində Con Kerrinin də imzası olduğu məktub üzə çıxdı. Həmin məktubda Kerri erməniləri müdafiə edir və Azərbaycana qarşı ölçülər götürülməsini vacib hesab
edirdi. İndi Kerri dövlət katibidir. O, dövlətin maraqlarını güdsə də, imkan olan kimi anti-Azərbaycan mövqeyini ortaya qoyur və əhatəsi vasitəsilə buna nail olur. ABŞ-dan gələn hesabatlarda ölkəmizin adı mənfiyə doğru çəkilir. ABŞ-ın üstünlük verdiyi insan haqları, demokratiya və söz azadlığı amilini əllərində bayraq edərək Azərbaycana qarşı sərt mövqelər nümayiş etdirirlər. - Sizə elə gəlmirmi ki, Azərbaycanla bağlı demokratiya və insan hüquqları məsələsini daha çox Konqres səsləndirir? - Bu ayrı məsələdir ki, Konqres var. Və orda da Azərbaycanı sevməyən qüvvələr kifayət qədərdir. Əlbəttə, erməni diasporu vasitəsilə orada erməni lobbisi formalaşıb və onlarda zaman-zaman anti-Azərbaycan mövqeyindən çıxış edir, ölkəmizə qarşı təzyiqi işə salır, şər-böhtanı əsas kimi götürüb fəaliyyət aparırlar. Təsadüfi deyil ki, 1992-ci ildə Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin müəllifi Con Kerri idi. Buna dəstək verənlərdə ermənipərəst konqresmenlər idi. Həmin konqresmenlərin köməyi ilə indi də hər il Qarabağdakı separatçı rejimə maliyyə ayrılır. İşğalçı Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə, son 10 ildə 2 milyard dollardan çox maliyyə yardımı edilib. Birdə erməni diasporasının təsiri altında olan media və insan hüquqları ilə məşğul olan beynəlxaql hüquq müdafiə təşkilatları var. Bu institutlar vasitəsilə də, Azərbaycana qarşı təzyiqlər və təhdidlər olur. Biz nə deyirik? Deyirik ki, ABŞ-la strateji müttəfiqliyə önəm veririk, bunda maraqlıyıq, biz özümüzdən asılı olan hər şeyi edirik. Fikrimcə, ABŞ özünün xarici siyasətində erməni barmağını aradan qaldırmalı, bu təsirdən xilas olmalıdır. Məncə, nə qədər ki, erməni təsiri var, problemlər də olacaq. Mən ümidvaram ki, ABŞ kimi demokratik və dünya nəhəngi olan bir dövlət nəhayət silkələnərək bu erməni təsirindən xilas ola biləcək. Ümid edirəm ki, o zaman münasibətlərimiz daha yüksək səviyyədə olacaq. - ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzə köməkçisi Viktoria Nuland Azərbaycanda olub, müzakirələr aparıb. ABŞ-Azərbaycan münasibətlərinin indiki mərhələsində bu səfəri necə qiymətləndirmək olar? - Hər halda bu səfər zamanı müzakirə ediləcək məsələlər çoxdur. Necə ki, bu gün ABŞ-Azərbaycan münasibətləri baxımından öz işlərini qururlar. Yəqin ki, xanım Viktoriyanın səfəri ABŞ-Azərbaycan
münasibətlərinin inkişafına müsbət təsir göstərəcək. Çünki ABŞ Dövlət Depatamentində Azərbaycan-Amerika münasibətlərinin yüksəlməsində və inkişafında maraqlı olan mütəxəssislər çoxdur, var və hər şeydən öncə onlar bu münasibətdə öz dövlətlərinin maraqlarını önə çəkirlər. Məncə, səfər zamanı ikitərəfli münasibətlərin durumu və bundan sonrakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli imkanları, regionda mövcud olan durum, Ukrayna-Rusiya münasibətləri kimi məsələlər ətrafında müzakirələr aparıla bilər. Digər sahələrlə bağlı da müzakirələr aparıla bilər. Mən dünən eşitdim ki, ABŞ dövlət katibinin müavinin Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşü planlaşdırılır. Belə demək olar ki, ABŞ-ın yüksək çinli diplomatının görüşü çox vektorludur. Əlbəttə, mən əminəm ki, bu səfər və diplomatın aparacağı müzakirələr, keçirəcəyi görüşlər Amerika-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək. - Siz demokratiya və insan haqları məsələsinin üzərindən sükutla keçdiniz. Sizcə, ABŞ-ın yüksək çinli diplomatı bu mövzularda müzakirələr aparmayıb, bu haqda narazılığını və ya narahatlığını ifadə etməyib? - Mən bu mövzu ətrafında müzakirələrin aparılacağını və ya qaldırılacağını istisna etmirəm. Mən azərbaycanlı olduğum, müdafiə etdiyim siyasi kursa sadiq olmağın baxışından bunları demirəm. Sadəcə olaraq demək istəyirəm ki, dünyanın heç bir ölkəsində demokratiyada ideal resept yoxdur. Sözsüz ki, ideal həyatda yoxdur. Amerika bizim müttəfiqimizdir, ancaq orada da insan hüquqları pozulur. Elə Avropa ölkələrinin özüm də də insan haqlarının pozulması halları baş verir. Bunu hər gün televiziya kanalları ilə nümayiş etdirilir. Amerikanın özündə baxın görün nələr baş verir. Qaradərili insanlar öldürülür, güllələnir, diskriminasiyaya məruz qoyulur. Özü də, bu yeni durum deyil, neçə illərdir ki, davam edir. Eləcə də müsəlman olduğuna görə, ər-arvad və onların qohumu öldürülür. Amerikada islamafobiya mövcuddur, insanların qarasına-ağına baxanda düşmənçilik ab-havası var və bu özünün hər an büruzə verir, ifadə edir. Sual edilir: Amerikada qətlə yetirilənlər insan deyil? Qaradərililər və ya Amerikada müsəlman olduğuna görə öldürülən suriyalılar. Əlbəttə, onlar da insanlardır. Bəs niyə bu insanların hüquqlarını pozur, onları öldürürlər. Bundan başqa, Avropada da belə problemlər mövcuddur. O cümlədən, dünyanın istənilən ölkəsində insan haqları məsələsində problemlər var.
Azərbaycanda da problemlər var. Lakin Azərbaycan bu gün insan haqlarına dair fundamental dəyərlərə hörmət edən dövlətlərdən biridir. Ancaq o ayrı məsələdir ki, Azərbaycanın milli maraqlarını satanlar, digər qeyri-hökumət təşkilatın və ya siyasi partiyanın çətiri altında fəaliyyət göstərib cinayət yol verən insanlar mövcuddur. Bu insanlara qarşı nə addım atılmalıdır? Belə şəxslərlə bağlı cinayət işi açılanda, istintaq aparılanda, məhkəmə araşdırılmasına başlanılanda, bəyəm bunu insan hüquqlarının pozulması kimi qiymətləndirmək lazımdır? Leyla Yunus Azərbaycana xəyanət edən, ölkəmizdə Ermənistanın agentura şəbəkəsini yaradan insandır. Yaxşı, Azərbaycan Leyla Yunusa ağ bayraq qaldırmalıdır ki, onun xaricdə müdafiəçiləri var, onlarında arxasında erməni maliyyəsi yatır. Bizə təzyiqlər və şərlər olacaq deyə Azərbaycanın dövləti və milli maraqları Ermənistana verilməlidir? Nəzərə alın ki, Azərbaycan ərazilərinin 20 faizi ermənistan tərəfindən işğal edilib, bunun nəticəsi olaraq milyondan çox insan öz yurd-yuvasından didərgin salınıb. Nəyə görə, buna görə təzyiqlər etmək istəyirlər. Bu şəxsən başadüşülən deyil. Azərbaycan öz dövləti və milli maraqlarını qoruyur və hesab edirəm ki, düz də edir. - Azərbaycan qərbdən üz döndərərək Rusiyaya yaxınlaşır. Bununla bağlı hər gün mediada politoloqların rəyləri olur. Bu iddialara münasibətiniz necədir? - Azərbaycan bizim mətbuatda təqdim edildiyi kimi, Rusiyaya yaxın deyil. Azərbaycan-Rusiya münasibətləri normaldır. Ancaq Azərbaycan Rusiyaya bizim dövlət maraqlarımız tələb etdiyi çərçivədə və səviyyədə yaxındır. Azərbaycan o xətti keçmir. Harada ki, Azərbaycanın dövlət və milli maraqları bitirsə, orada Azərbaycanın yaxınlığından söhbət gedə bilməz. Ancaq Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər mövcuddur. Unutmaq olmaz ki, Azərbaycan bu gün Rusiya ilə həmsərhəddir, biz qonşu dövlətik. Orada baş verən hadisələr bu və ya digər şəkildə Azərbaycana təsir göstərir. Biz ABŞ-ın anti-Rusiya blokunda iştirak edə bilmərik. Necə ki, vaxtı ilə anti-İran koalisiyasında iştirak etmədik və doğru da etdik. Bu gün də düz edirik. Necə Gürcüstanda, bu gün Ukraynada qanı axıdılan insanlar, proseslər kifayət deyilmi ki, biz bundan nəticə çıxaraq, hadisələrə daha ayıq və Azərbaycanın dövləti maraqlarından yaxınlaşaq. Əgər Amerika Avropa ilə yanaşı Rusiyaya qarşı durursa, dursun. Burada onların dövləti və milli maraqları var və bu Ukraynanın maraqlarından əvvəl gəlir. İndi biz
gedib öz maraqlarımızı onların maraqlarına qurban verə bilmərik axı. Mən düşünürəm ki, Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsi müdrik siyasət yeridən İlham Əliyevin düzgün dəsti-xəttidir və bu Azərbaycanı ancaq gücləndirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?