Gədəbəyin icra başçısının 1-ci müavini Qüdrət Paşayevin oğlunun müəmmalı şəkildə dünyasını dəyişməsi haqda yazmışdıq. 2011-ci ilin sonlarında Qobustan həbsxanasının əməkdaşı, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Qüdrət Paşayevin oğlu Babək Paşayev qəfildən dünyasını dəyişib. Onun ölümünün azartlı oyunla əlaqəli olduğu deyilirdi.
Aldığımız son məlumatda isə B.Paşayevin ölümünə dair daha bir maraqlı detal üzə çıxır. Bildirilir ki, həmin vaxt B.Paşayevin meyiti yaşadığı evin hamam otağında asılmış vəziyyətdə aşkar olunub. Bu hadisəyə qayıtmaqda məqsədimiz heç də kiminsə şəxsi faciəsindən istifadə etmək deyil.
Məsələ ondadır ki, mərhum özü ədliyyə məmuru olub, atası icra hakimiyyətində yüksək vəzifə tutur və ən əsası mərhumun əmisi hadisə baş verəndən indiyədək Nazirlər Kabineti yanında Dövlət Felgeyder Xidmətinin rəisi vəzifəsini daşıyan general Ədalət Paşayevdir. Göründüyü kimi, kifayət qədər yüksək vəzifəli və imkanlı arxası olan bir məmurun intihar etməsi, bu intiharın səbəbinin araşdırılmaması suallar doğurur.
Ən qəribəsi odur ki, intihar hadisəsinin gizlədilməsi və ört-basdır olunmasına Qüdrət və Ədalət Paşayevlərin özləri də göz yumublar. Hər halda, onların bu ölümlə bağlı susmaları belə nəticəyə gəlməyə əsas verir...
Yayılan məlumatlara inansaq, deyilənə görə, mərhum qumar oyunlarına aludə olub və külli miqdarda pul uduzub, borca düşüb, borcu ödəyə bilmədiyinə görə bu yola əl atıb. Əgər bu məlumatlar həqiqətdirsə, ortaya daha böyük suallar çıxır. Birincisi, əməkdaşlarından kifayət qədər məsuliyyət tələb olunan bir təşkilatda bu oyunlar necə oynanılır? Pulu udan kimdir? Həmin şəxsin məsuliyyəti müəyyən edilibmi? Yoxsa həmin şəxs yeni qurbanlarını məhv etməklə məşğuldur? Bundan başqa, baş vermiş olaydan sonra Paşayev qardaşlarının yüksək vəzifədə qalmaları da suallar doğurur.
E.HÜSEYNOV P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?