Kitabı şəhərin bütün kitab mağazalarından əldə etmək olar
Bu günlərdə yazıçı-publisist Camal Zeynaloğlunun sayca səkkizinci kitabı –“Nakam məhəbbət” işıq üzü gördü. “Yazıçı” nəşriyyatı tərəfindən çap olunan bu kitabın redaktoru yazıçı-publisist Nadir Hüseynzadədir. Kitabda müəllifin son zamanlarda yazdığı povest və hekayələri toplanmışdır. Milli.Az xəbər verir ki, kitabda müasir həyatımızda gənc nəslin düzgün tərbiyəsi, onların həyat tərzi, ailə birliyinin mənəvi saflığına, əxlaqi-etik normaların qorunub saxlanılmasına yönələn, milli dəyərləri yüksək qiymətləndirən, Vətənə, torpağa hədsiz sevgidən, düşmənə sonsuz nifrətdən qaynaqlanan müxtəlif xarakterli insan surətləri verilmişdir. Müəllif, həmçinin ətrafımızda baş verən hadisələri, insan talelərinin çoxmənalı və sirli aləmin dərinliklərinin açılmasına və ailə həyatının incəliklərinin qorunub saxlanılması ilə yanaşı, cəmiyyətdə baş alıb gedən əxlaqi pozğunluqları, milli şüurda gedən deqredasiyanı, insanların bir-birinə qarşı etinasızlığını, riyakarlıqlarını, şöhrətpərəstliyini, pula, var-dövlətə hərisliyini və s. xüsusiyyətləri də məharətlə açıb göstərə bilmişdir. “Uğursuz nikah” povestində bir-birinə yaxından bələd olmayan, bir-birlərinin xarakterini bilməyən iki gəncin ailə həyatı qurmasında onların öz fikirləri deyil, valideyninin fikri nəzərə alınır. Yəni valideyn təkidi ilə ailə həyatı qurulur. Əlbəttə, iki könül bir olmayan yerdə, xoşbəxt ailədən söhbət gedə bilməz. Kiminsə vasitəsilə ailə quranların aqibəti hamımıza bəllidir. Əgər ailədə qarşılıqlı inam, etibar yoxdursa, o ailənin ömrü də çox qısa olur. Hər bir yeni qurulmuş sağlam ailənin təməli qarşılıqlı inam, doğru-dürüstlük, sədaqət, vəfa, namus, qeyrət üzərində qurulmalıdır. Ailənin ömrünü qısaldan ən mühüm amillərdən biri xəyanətdir. Xəyanət ailə faciəsi deməkdir... Müəllif yuxarıda sadaladığımız bütün xüsusiyyətlərin bədii və psixoloji durumun açılmasına çalışmış və sonda buna nail olmuşdur. Bu povest yeni ailə həyatı qurmaq istəyən gənclərə bir örnək olmalıdır. Bu fürsəti qaçırmayın. Biz əminik ki, C.Zeynaloğlunun kitabda verdiyi “Nakam məhəbbət”, “Baş tutmayan intihar”, “Haram tikə”, “Tövbə”, “Ölüm düşərgəsindən qaçış”, “Qanlı məktub”, “Pul”, “Vicdan məsələsi”, “Ağlayan qu quşu” və s. kimi maraqlı hekayələri oxucuların böyük marağına səbəb olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?