Gülnarə Məmmədova: “Mən o qadını tanımıram, oğullarım onu...”
Bu gün Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslərin məhkəməsi keçirilib.
Hadisədə təqsirləndirilən qardaşlar - Zaur və Elin Məmmədovların anası Gülnarə Məmmədova məhkəmə qarşısında musavat.com-a açıqlama verib. O, oğlanları barəsində yayılan məlumatların həqiqət olmadığını deyib. Və jurnalistlərə öz iradını bildirib: "Mən özüm də sizin kimi jurnalistəm. Vaxtı ilə Rusiyanın "ORT" kanalında çalışmışam. Amma heç vaxt yalan informasiya yazmamışam. "ORT" kanalından ayrılma səbəbim də bu olub. Mən medianın yazdıqlarını oxuyuram. Bizi necə qaraladıqlarının şahidi oluram. Biz mədəni ailəyik. Mən Moskvada universiteti bitirmişəm. Uzun illər Moskvada yaşamışıq. Oğlanlarım da, qızlarım da orada oxuyublar. Həyat yoldaşıma kriminal avtoritet damğası vurublar. Amma bu belə deyil. Hərbidə xidmət etmiş, Azərbaycan Tibb Universitetini bitirmiş biri, elə bir adam ola bilməz. Yazılanların hamısı yalandır".
Gülnarə Məmmədova hadisə haqqında verilən suallara isə belə cavab verdi: "Hadisə haqqında dəqiq heç nə bilmirəm. Çünki orada olmamışam. Elə bir hadisə olub-olmamasını mən bilmirəm. Yayılan videoya mən də baxmışam. Amma orada mən öz övladlarımı tanımadım. Onları oğlanlarıma oxşatmadım. Çünki qaranlıqdır və heç nə görünmür. Məhkəmədə mühakimə olunanlar mənim iki oğlumdur. Amma hadisənin videosundakı oğlanları mən tanıya bilmirəm".
“Yayılan videoya mən də baxmışam. Amma orada mən öz övladlarımı tanımadım. Onları oğlanlarıma oxşatmadım. Çünki qaranlıqdır və heç nə görünmür. Məhkəmədə mühakimə olunanlar mənim iki oğlumdur. Amma hadisənin videosundakı oğlanları mən tanıya bilmirəm"
Jurnalistlərdən birinin verdiyi, "Bəs hadisə baş verən yerdəki maşını tanıyırsınız?" sualına G.Məmmədova belə cavab verib: "Videoda maşın görünsə də, nömrəsi görünmür. Ona görə tanıya bilmədim. Amma bəziləri yazırlar ki, guya o bahalı maşındır. Xeyr. Bahalı maşın deyil. Oğlanlarım istəyirdilər ki, evimizdə yaxşı avtomobil olsun. Biz bu maşını istəmirdik. Sadəcə onu almağa gücümüz çatmayanda, bunu müvəqqəti götürdülər". G.Məmmədova bu sözləri ilə özü də bilmədən avtomobilin onların ailəsinə məxsus olduğunu təsdiqlədi.
Əməkdaşımız G.Məmmədovaya Ülkər İsayevanı tanıyıb-tanımaması ilə bağlı verdiyi suala, Məmmədova "Tanımıram" deyərək cavab verib: "Mən o xanımı tanımıram. Heç videoda üzünü də görmək olmur. Orada hansı xanımın olduğunu bilmək olmur. Siz yazırsınız ki, guya oğlan orada qızı döyüb. Amma videoda görünür ki, oradakı oğlan iki əli ilə çalışır ki, qızı öz maşınından çıxarsın. Əgər maşın onun özünündürsə, onun buna ixtiyarı var. Oğlan həmin xanımı nə döyür, nə də söyür. Sadəcə qızı maşından çıxarmaq istəyir. Mənim oğlanlarım hadisə ilə bağlı heç nə demirlər. Onlar həyəcan içindədirlər və narahatdırlar. Oğlanlarımın nə o qədər pulları var, nə də imkanları. Onlar turizm sahəsində çalışırlar. Onlar savadlı gənclərdir"
“Həyat yoldaşıma kriminal avtoritet damğası vurublar. Amma bu belə deyil. Hərbidə xidmət etmiş, Azərbaycan Tibb Universitetini bitirmiş biri, elə bir adam ola bilməz. Yazılanların hamısı yalandır"
Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova H. İsaxanlının qızını döydüklərinə görə saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını azadlığa buraxmışdı. Hakimin bu qərarından prokurorluq protest vermişdi.
Qardaşların işinə Apelyasiya Məhkəməsində ayrı-ayrılıqda baxılır. Martın 17-də məhkəmədə qərar qəbul olunmayıb və növbəti iclas sabaha təyin olunub. Bunun səbəbi hələ də məlum deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?