“İnanıram ki, üçrəngli bayrağımızı Şuşada dalğalandıracaqsınız”.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik məktubu ünvanlayıb.
Müdafiə Nazirliyindən gundemxeber.az-a verilən məlumata görə, təbrik məktubunda deyilir:
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi Novruz bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Bu gün xalqımız uzun illərdən bəri qoruyub saxladığı adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin təntənəsi olan Novruz bayramını - dövlət bayramı səviyyəsində qeyd edərək öz qədim tarixə malik keçmişinə hörmət və ehtiramını bildiririr.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan daxili və xarici siyasət nəticəsində ölkə iqtisadiyyatının fasiləsiz inkişafı təmin edilmiş, dövlətçilik ənənələrimiz möhkəmlənmiş, vətəndaşlarımızın maddi rifahı yaxşılaşmışdır. Respublikamızda ordu
quruculuğu, gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi, qoşunların müasir silah və texnika ilə təmin olunması, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atılır və Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır.
İnanıram ki, Siz Azərbaycan Respublikasını Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edərək Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə üçrəngli dövlət bayrağımızı Şuşada,
Xankəndində və işğal altında olan digər əzəli yurdumuzda dalğalandıracaqsınız.
Hər birinizə, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə bayram təbriklərimi çatdıraraq, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?