İsmayıllı hadisələrinə görə həbs edilmiş 12 nəfər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Məlumatı həbs olunan İsmayıllı sakini Vasif İbrahimovun vəkili Nəvai Abbasov verib. Nəvai Abbasov qeyd edib ki, tutulan şəxslər haqqında həbs qətimkan tədbiri seçildikdən sonra onlar 24 saat müddətində istintaq təcridxanasına köçürülməli idilər: “Onlar 5 gün qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandıqdan sonra – yanvarın 31-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Halbuki proses bu qədər uzadılmalı deyildi. Bu, qanun pozuntusundan xəbər verir. Mənim Vasif İbrahimovla təklikdə görüşməyimə icazə vermirdilər. Respublika Prokurorluğuna şikayətimdən sonra görüşə icazə verilib. Təsəvvür edin ki, hüquqlarını müdafiə etdiyim şəxs cinayət məsuliyyətinə cəlb olunur, barəsində həbs qətimkan tədbiri seçilir, amma mən onun hansı maddə ilə ittiham olunduğunu yanvarın 29-da Nəsimi Rayon Məhkəməsindən qərarın surətini alanda bilirəm”. İsmayıllı hadisələrinə görə tutulanlara Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində əmlakı qəsdən məhv etmə və ya zədələmə; xuliqanlıq; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ittihamları irəli sürülüb.
Sorğu
Yeni dizaynımız necədir?