Türkiyədə elektrik enerjisinin kəsilməsi iqtisadi diversiya və terror hadisəsidir.
Bunu Moderator.az -a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, Türkiyə baş naziri Əhməd Davudoğlunun da dilində terror hadisəsi ehtimalının səsləndirilməsi bir daha sübut edir ki, bu ölkəyə qarşı diplomatik, informatik və iqtisadi həmlələr davam etməkdədir: “Dünyadakı və qərbdəki bəzi dairələr Türkiyənin Yaxın Şərqdə, bütövlükdə ərəb düyasında və ümumilikdə regionda gedən proseslərdəki müstəsna rolu bəzi dairələri ciddi narahat edir. Çünki Türkiyəsiz bu problemləri tənzimləmək də mümkün deyil və bu da istər-istəməz bu ölkənin dünya və regional siyasətdə rolunu artırır və regional gücə çevrilməsinə gətirib çıxarır. Təbii ki, Türkiyənin regionda möhkəmlənən mövqeyi bir çox böyük güclərinin ürəyincə deyil və onu geri oturtmaq üçün müxtəlif planlar hazırlayıblar. Və bu hadisəni də həmən planın tərkib hissəsi kimi qiymətləndirmək olar?!”
Millət vəkili hesab edir ki, Türkiyə rəsmiləri də müxtəlif versiyaların üzərində dayansalar da sonda bunun iqtisadi bir diversiya əməliyyatı üzərində dayanmış olacaqlar: “Bunun başqa bir adı yoxdur. Yəni bunun hasısa qəza və yaxud təbii fəlakət hadisəsi qiymətləndirmək mümkün deyil. İstər qəza olsun, istər xulqanlıq, istərsə də təbii fəlakət bu lokal nəticələr doğurur, daha ölkə zülmətə qərq olmur. Bu hadisəyə kənardan yanaşanda ancaq burada məqsədyönlü iqtisadi diversiyanın həyata keçirildiyi görünür. Yəni siyasi analizlər bunu deməyə əsas verir. Elektrik enerjisinin kəsilməsi və Türkiyəni zülmətə qərq etməsi təkcə ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurmaq deyil, bu eyni zamanda bir mesajdır. Bu cəmiyyətdə ciddi ajiotaj, təhlükəsizlik sisteminin pozulması deməkdir. Müəyyən dairələr Türkiyəni zəiflətmək və müəyyən maraqlardan geri durdurmaq üçün belə planlar həyata keçirirlər ki, bu da onun tərkib hissəsi hesab etmək olar.”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?