Xəbər verildiyi kimi, dünən Ermənistan İstintaq Komitəsi təmas xəttinin şimal-qərb istiqamətində erməni hərbçisinin-baş praporşik (Azərbaycan ordusunda baş gizir rütbəsinə uyğundur-red.) Ayk Keşişoğluyanın öldürüldüyünü açıqlayıb.
Qısa məlumatda deyilirdi ki, hərbçi Azərbaycan tərəfdən açılan atəşlə öldürülüb və faktla bağlı araşdırma başladılıb, lakin insidentin nə vaxt baş verdiyi haqda heç nə deyilmirdi.
Həmçinin Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü haqda heç bir rəsmi məlumat yaymamışdı.
İndi isə erməni KİV-ləri araşdırıblar ki, Keşişoğluyan hələ aprelin 3-də öldürülüb. Onun öldürüldüyü haqda ailəsinə ancaq cəsədi gətirib təhvil verəndə bildiriblər.
“Qraparak” qəzetinin yazdığına görə, 43 yaşlı Keşişoğluyan Araqatson vilayətinin Niqavan kəndindəndir. Kənd administrasiyasının rəhbəri Artaşes Qalstyan insidentin aprelin 3-də gecə baş verdiyini bildirib.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən bildirir ki, Ermənistan İstintaq Komitəsinin rəsmisi Sona Tuzyan epress.am saytının insidentin nə vaxt və hansı şəraitdə baş verdiyinə dair sorğusuna cavab verməyib.
Kənd administrasiyasının rəhbəri isə insidentin necə baş verdiyi haqda bunları deyib: “Duman olub. Duman çəkiləndə düşmən atəş açıb, ona 3 güllə dəyib. Kömək çağırana qədər Keşişoğluyan yəqin ki, bizim posta tərəf sürünməyə çalışıb, ancaq bacarmayıb və uçuruma yuvarlanıb. Bütün günü cəsədi götürməyə çalışıblar, ancaq cəsəd düşmənin görüş məsafəsinə düşdüyü üçün mümkün olmayıb, ancaq ertəsi gün götürə biliblər”.
Keşişoğluyanı aprelin 7-də basdırıblar. Kənd administrasiyasının rəhbəri deyib ki, onun üç uşağı var. Biri Rusiyada hərbi məktəbdə oxuyur, o biri Xankəndində xidmət edir. Üçüncüsü isə hələ məktəblidir. Ailənin sosial vəziyyəti olduqca ağırdır.
Ermənistan Müdafiə Nazirliyi insidentə hələ də şərh verməyib və bu, düşmən ölkənin təmas xəttində ölən hərbçiləri barədə məlumatları gizlətməsinin növbəti sübutudur. Digər tərəfdən, Keşişoğlunun hansı şəraitdə vurulduğuna dair deyilənlər onun Azərbaycan mövqelərinə həmlə etməyə cəhd edən diversiya qrupunun tərkibində olduğuna dəlalət edir.
Görünür, dumandan istifadə edən düşmən hərbçiləri Azərbaycan ordusunun mövqelərinə həmlə etməyə cəhd edib, ancaq baş tutmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?