Turan İnformasiya Agentliyinin direktoru, analitik Mehman Əliyevin müsahibəsini təqdim edirik. Siyasi analitik hakimiyyətin durumu və addımları, müxalifətin perspektivləri, dünyada yaşanan iqtisadi böhran və onun ölkəmizə təsiri, qonşu ölkələrdə baş verən proseslər haqqında fikirlərini açıqlayıb.
- Mehman bəy, ölkədəki durumu necə qiymətləndirirsiniz?
- Hakimiyyət 9 gündür ki, istirahətdədir. Bu mənada sakitlikdir. Yəni tam sükutdur, iqtidar istirahətə gedib. Media əsasən xarici xəbərlər verir, ölkə tam sükunət içindədir. Fikrimcə, bu normal vəziyyət deyil. Fevralın 21-də baş verən devalvasiya prosesi, ondan öncə prezidentin müşavirədə etdiyi çıxış göstərdi ki, Azərbaycanda kifayət qədər çətin durum və böhran var. Mən hesab edirəm ki, belə vəziyyətdə 9 gün istirahət elan etmək düzgün deyildi. Fikrimcə, bu gün çox aktiv formada iş aparmaq lazımdır. Məncə, hər günün qiyməti var. Bu mənada 9 günlük istirahət mənim üçün anlaşılmazdır.
- Devalvasiya hökumətə hansısa təsir göstəribmi?
- Əgər biznesmen məmurları nəzərdə tutursunuzsa, onlar üçün ciddi təsiri olmayıb. Kimsə 1, kimsə 10 milyon qazanırdı. İndi bunun 30 faizini itirmək onlar üçün faciə deyil. Yenə də, istədikləri yerə gedib-gəlmək imkanları var. Lakin sadə insanlara və iş adamlarına devalvasiya təsir göstərib. Bu mənada təsirlər var. Leninin dekabristlərlə bağlı əsəri var. Həmin əsərdə Lenin qeyd edirdi ki, onlar xalqdan uzaq idilər və buna görə də, problem yarandı. Fikrimcə, hakimiyyətin xalqdan uzaq olması başqa əhval-ruhiyyə yaradır. Mən sadəcə olaraq müşahidə edirəm ki, hakimiyyət getdikcə xalqdan uzaqlaşır, millətin
duyğularını hiss etmir. Hadı Rəcəbli parlamentdə Sosial-Siyasət Komitəsinin sədridir. Ancaq onun müəllimlərlə bağlı son bəyanatı günlərlə sosial şəbəkələrdə müzakirə edildi. Bu adam uzun illərdir ki, komitə sədridir. Əgər bu adam belə ifadələr işlədirsə, bu göstərir ki, yüksək vəzifəli insanlar reallığı hiss etməkdə çətinlik çəkirlər. Məncə, bu ciddi problemdir və arzu edilməyən vəziyyət yarada bilər. Həm də hər il Novruz Bayramını xalqla birgə qeyd edirdilər, lakin bu il fərqli oldu. Məncə, bu da pis tendensiyadır. Hesab edirəm ki, ölkədə xalqla hakimiyyət arasında uçurum çoxalır. Hakimiyyət sanki özü-özünü insanlardan izolyasiya edir. Bayram günü ölkədə qalanlar bir, bayramı xaricdə keçirən məmurlar isə tamam başqa duyğu ilə yaşayır. Bu fərq hiss edilir.
- Hadı Rəcəblinin müəllimlər haqqında fikirlərinə istinad edirsiniz. Ancaq heç müəllimlər Hadı Rəcəbliyə etiraz etmədi, sadəcə bir qrup fəal bu bəyanatı qabartmaqla gündəm yaratdı...
- Mən demirəm ki, kimsə buna ciddi reaksiya bildirəcək və ya bildirməyəcək. Sadəcə bir jurnalist kimi problemin nə olduğunu ifadə edirəm. Müəllimlər nə deyəcək ki? Müəllimlər düşünürlər ki, danışsa işdən çıxarılar, problemlə üzləşər və s. Heç olmasa hazırda iş yerim var və bunu itirməməli, birtəhər yaşamalıyam. Müəllim bunu düşünür. Hamının başı üzərində demokl qılıncı var. Büdcə təşkilatlarında işləyənləri işdən çıxarmaq, biznes adamlarını vergilər yoxlamasına cəlb etmək resursu var. Jurnalistlərin də çoxu artıq qələmini əks tərəfə çevirib.
Reallıq budur və qorxu mühiti var. Bizdə sanki qorxu çərçivəsində yaşayan cəmiyyət var. Odur ki, buna təəccüblənmək lazım da deyil.
- Sizə elə gəlmirmi ki, Azərbaycan insanının böyük bir qismi öz həyatından razıdır?
- Əlbəttə, bu vəziyyət var. Əgər vəziyyət siz deyən kimi olmasaydı, biz tamam başqa situasiyanı müşahidə edərdik. Bu tipli yanaşmalar kütləvi xarakteri daşıyır. Ancaq həm də sabaha inamsızlıq, biganəlik, nəyinsə dəyişəcəyinə inanmamaq kimi nəsə var. Ancaq sizə deyim ki, indi yaşanan böhran ciddi təsirlərə səbəb olacaq. Artıq Avrasiya Bankı da qeyd edir ki, gələn il iqtisadi nöqteyi nəzərdən Azərbaycanda vəziyyət daha da çətin olacaq. Bu böhran uzun çəkəcək. Hələlik insanlarımızda böhranın nəticələri hiss edilmir, çünki proses yeni başlayıb. Ancaq hesab edirəm ki, getdikcə böhranın təsirləri daha güclü olacaq. Sonra nə baş verəcəyini demək indi çətindir. Lakin dəyişikliklər olmasa, bu proses cəmiyyətdə ciddi qarşıdurma yarada biləcək.
- Siz dəyişikliklər gözləyirsinizmi?
- Əlbəttə, gözləyirəm.
- Hansı dəyişiklikləri gözləyirsiniz?
- Birincisi, böhranın olduğu real vəziyyətdir və bu böhran bir illik deyil. Həm də nəzərə almaq lazımdır ki, bu böhran sadəcə olaraq 21 fevral devalvasiyası ilə bitmir. Biz bilirik ki, dünya bazarında neftin qiyməti ucuzlaşır, üstəlik ölkəmizdə neftin hasilatı aşağı düşür. Manatın məzənnəsini saxlamaq məqsədilə ötən il 2 milyarda yaxın vəsait xərclənib. Bu böyük vəsaitlərdir və indi bunun arxasında durmaq daha da çətinləşir. Qeyri-neft sektorunun inkişafı indi əsas amil olaraq göstərilir. Amma qeyri-neft sektorunun inkişafı azad iqtisadiyyatdan, liberal bazardan, inhisarçılığın aradan qaldırılmasından, rəqabətli mühitin yaradılmasından, qanunun aliliyinin təmin olunmasından keçir. Bu kompleks məsələlərdir və onlar həll edilməlidir. Bunun başqa çarəsi yoxdur. Hakimiyyət devalvasiya ilə göstərdi ki, keçmiş resurs və imkanlarla vəziyyəti idarə edə bilmir. Bu faktdır və bunu qəbul etmək lazımdır. Vəziyyətdən çıxmaq üçün də yeni metodlar və instrumentlər lazımdır. Ona görə də,
yuxarıda qeyd etdiyim sahələr üzrə sağlam durumun yaradılması qaçılmaz həddə gəlir. Hətta, indi bu istiqamətdə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, ABŞ-la danışıqlar gedir. May ayında Avropa Birliyi ilə strateji modernləşmə haqqında saziş imzalanmalıdır. Yəni modernləşdirmə prosesi getməlidir. Mən buna yuxarıdan inqilabi hərəkət deyərdim. Əgər bu cür olarsa, biz yuxarıdan islahatların başlanması prosesini müşahidə edəcəyik. Bunun arxasında Avropa Yay Olimpiya Oyunları gəlir. Oyunlardan sonra ölkə parlament seçkilərinə gedir. Üstəlik Antaliyada G-20 zirvə görüşü keçiriləcək. Bu tədbirə Azərbaycan rəhbərliyi də dəvətlidir. Azərbaycan hakimiyyəti indidən bu səfərlə bağlı hazırlıq işləri görür. Çünki bu tədbirə əliboş getmək olmaz. Yəni bu tədbir ərəfəsində müəyyən məsələləri həll etmək lazımdır. ABŞ-la müştərək komissiya yaradılır. İndilik birgə hansı məsələləri həll edəcəklərsə, bunun hazırlığı gedir. Həmçinin Ümumdünya Ticarət Təşkilatı ilə dialoq intensivləşib. Yəni Azərbaycan ciddi bir mərhələyə daxil olub. Məndə olan məlumata görə, iyul ayında hakimiyyət islahatlar paketini cəmiyyətə təqdim edəcək. Mən, bunu gözləyirəm. O cümlədən də siyasi məhbuslar məsələsi bu çərçivədə həll ediləcək. İqtisadi və siyasi məsələlər sıx şəkildə bir-birinə bağlıdır və onların ayrı-ayrılıqda həlli mümkün deyil. Odur ki, problemə kompleks şəkildə yaxınlaşmaq lazımdır. Məncə, yaxınlaşılacaq da. Çünki indiki durum bunu qaçılmaz edir.
- Əksər mütəxəssislər yeni devalvasiya haqqında danışır. Siz yenidən devalvasiya gözləyirsinizmi?
- Mütəxəssislər nəsə deyir. Mən bir şeyi xatırladım. Avqust ayında gedən həbslərlə bağlı məndən soruşanda qeyd etdim ki, ilin sonuna qədər bu proses davam edə bilər və bundan o yana keçməyəcək. Mən demişəm ki, ilin sonunda keçiriləcək Nazirlər Kabinetinin iclasında prezident yeni bir şey deyəcək, yeni situasiya haqqında danışacaq. Mən neftin qiymətinin dünya
bazarında düşməsini qoydum bir kənara. Ancaq bizdə neftin hasilatının düşməsi, onun perspektivləri məsələsi var. Mən bilirdim ki, 2023-cü ilə neftin istehsalı 50 milyondan 23 milyon tona qədər düşəcək. Məndə Beynəlxalq Valyuta Fondunun 2008-ci ilə qədər hesabatları var. Mən anlayırdım ki, bu tipli iqtisadiyyat bizi uzağa aparıb çıxarmayacaq. Biz də bunun şahidi olduq. 2004-cü ildə mən bununla bağlı məqalə yazmışdım. Və böyük bir toplantı zamanı da qeyd etdim ki, bizə iri neft pulları gəlməyə başlayır, bundan bəhrələnmək üçün bizim iki yolumuz var. Birinci yol, hakimiyyətin indi seçdiyi yol idi. İkinci yol, azad və dünyaya açıq iqtisadiyyatın formalaşması yolu idi. Ancaq biz birinci yolu seçdik və bu da bizi yaxşı yerə gətirib çıxarmadı. Biz sadəcə olaraq 10 il vaxt itirdik və yenə də start vəziyyətinə gəldik. İndi yenidən başlamaq lazımdır. O zaman hətta barəmdə deyirdilər ki, Mehman Əliyev hökumətə işləyir, şübhəli danışır, heç nə olmayacaq və s. Ancaq mən qeyd edirdim ki, vəziyyət dəyişəcək.
Devalvasiya prosesinə gəldikdə, mən bunu gələn ilin əvvəlinə gözləyirdim. Çünki parlament seçkiləri, Avropa Yay Olimpiya Oyunlarının gəldiyini düşünürdüm. Hesab edirdim ki, bunu birdən etmək çətin olar. Məndə olan informasiyaya görə, hökumətdə də düşünürdülər ki, devalvasiya prosesinə gələn ilin əvvəlindən getmək olar. Lakin neftin qiymətinin düşməsi və həm də bunun uzunmüddətli xarakter alması hakimiyyəti məcbur etdi ki, devalvasiyaya getsin.
- Qeyd etdiyiniz bu mürəkkəb situasiyada qarşıdan gələn parlament seçkilərinin nə cür keçiriləcəyi haqda proqnozunuz nədir?
- Biz sanki yaxın gələcəkdə idarə edilən demokratik sistemə keçirik. Modernləşdirmə siyasətinə keçid o deməkdir ki, yuxarıdan islahatlara gediləcək. Yəni sistemin yenidən qurulması məsələsi yuxarıdan aparılacaq. Başqa sözlə, bu proses yuxarıdan aparılanda modernləşdirmə, aşağıdan aparılanda isə
inqilab adlanır. Hakimiyyət bu prosesə başlamaq istəyir. Əlbəttə, mən inanmıram ki, parlament seçkiləri ideal vəziyyətdə keçirilsin. Ancaq seçkilər hakimiyyət üçün problem yaradacaq. Odur ki, danışıqlar yolu ilə siyasi qüvvələr, eləcə də hakimiyyətin radikal saydığı müxalifətə parlamentdə müəyyən yerin verilməsi mümkündür. Hakimiyyət keçid mərhələsi kimi buna gedə bilər. Ancaq burada söhbət parlamentdə yer əldə etmək məsələsi deyil. Bu, islahatlar paketinin çərçivəsində aparılmalıdır. Bu mənada hesab edirəm ki, tərəflər razılığa gələ bilər və bu da optimal variant ola bilər. Ancaq formal olaraq kimsə gəlib parlamentdə oturub və Milli Məclisdə müxalifətin olması illuziyasını yaratmaq kimi prosesə əsas müxalifət partiyaları getməyəcək.
- Hakimiyyətə yaxın deputatlar və qeyri deputatlar parlamentli respublika ideyasını mütəmadi ortaya atır. Bu nə dərəcədə realdır?
Sorğu
Yeni dizaynımız necədir?