“Prezident seçkilərindən sonra islahatlar qaçılmazdır”.
gundemxeber.az bildirir ki, bu sözləri “BBC Azərbaycanca”ya müsahibəsində Turan Agentliyinin rəhbəri Mehman Əliyev bildirib.
“Avropa İttifaqı və ABŞ referendum elan ediləndə və prezident seçkiləri vaxtından tez elan olunanda heç bir təpki göstərmədi. Bununla bağlı heç bir tədqiq, heç bir bəyanatlar olmayıb ki, bu anti-demokratikdir və s. Heç bir şey yoxdur. Mən hesab edirəm ki, hansısa formada tərəflər arasında razılaşma var və əlbəttə ki, bu razılaşmalar Azərbaycanda avtoritarizmin qurulması, diktatorluğun qurulmasına hesablanmayıb”.
Onun fikrincə, bunun arxasında həmin o ciddi islahatlar – yol xəritələri, Aİ ilə hazırlanan strateji tərəfdaşlıq haqqında saziş durur: “Seçkidən sonra bu sənədlər əsasında canlanma baş verəcək”
M.Əliyev qeyd edib ki, Avropa qurumları və ABŞ İlham Əliyevdən siyasi islahatlar gözləyir: “Hakimiyyət artıq 2015-ci ildə özünü itirmiş vəziyyətdə idi. 2016-cı ildə hərəkət etməyə başladılar, amma gözləyirdilər ki, bəlkə də neftin qiyməti bir az da qalxar və bu bizi xilas edər. Bu baş verməyəndə anladılar ki, bu nəsə uzunmüddətli bir prosesdir və başladılar ki, hansı sahələrdə nə edək. Turizm, kənd təsərrüfatı və başqa sahələrdə də aktivlik var, deməzdim ki, yoxdur. Qəbul olunan yol xəritələri ilə bağlı hazırlıq işləri gedir və bunu qeyd etmək lazımdır”.
M.Əliyevin sözlərinə görə böhrandan çıxmaq üçün, hesab edirəm ki, daha da çevik addımlar atmaq lazım idi: “Canlanma var və mən hesab edirəm ki, seçkidən sonra islahatların aparılması daha aktiv şəkildə həyata keçiriləcək”,-deyə Mehman Əliyev əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?