“Orxan-SS” şirkətinin rəsmən qadağan olunan “Baranina” kolbasasının satışı hələ də davam edir; ölkədə “halal” saxtakarlığına gedən və xalqa mənşəyi bilinməyən ətdən kolbasa satan firmaların müdhiş siyahısı “Gündəm xəbər”də...
Bakıda istehsalı dayandırılan “Baranina” kolbasasının satışı hələ də davam edir. “Gündəm xəbər”ə verilən məlumata görə, şəhərin ərzaq mağazalarında “Kristal CF” əmtəə nişanlı bu kolbasa məhsulları bu günə kimi yığışdırılmayıb.
Bazarlarda, supermarket şəbəkələrində qadağan olunmuş bu kolbasa məmulatları əhaliyə təklif olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi rəhbəri Ramiz Həsənov isə xalqa yedirilən bu məhsulun satışını dayandırmaqda maraqlı görünmür. Hazırda “Orxan-SS” firması məhsulları ticarət şəbəkələrinə paylanmaqda və satılmaqdadır.
Kristal olmayan “Kristal CF”
Əslində “halal” sözü ilə markalanmış bu məhsullarda donuz əti və piyi aşkar edildiyi üçün “Baranina” kolbasasını istehsal edən firmaya sertifikat verilməyib. “Orxan-SS” firmasının fəaliyyətinə xitam veriləcəyi də gözlənilirdi. Ancaq o da olmayıb. Şirkətin isə məhsulları mağazalarda göz deşir.
Məlumatda deyilir ki, Bakıda “Kristal CF” kolbasa firmasının istehsal etdiyi məhsullardan inqridentlər çıxıb.
Məlumata görə, Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanır. Firmanın əhaliyə yedirdiyi bu kolbasa məmulatı müxtəlif xəstəliklərin mənşəyi ola bilər. Çünki Hindistandan idxal edilən və böcəkdən hazırlanan bu məhsullar insan orqanizminə ziyandır.
Əldə etdiyimiz xəbərdə bildirilir ki, “Gindes” təşkilatı Azərbaycanda kolbasa məhsullarına “halal” sertifikatı paylayır. Bu sektorda nəzarətin aşağı səviyyədə olması və istənilən firmanın “halal” sertifikatı ala bilməsi nəticədə belə neqativ halların artımına səbəb olub.
Qeyd edək ki, “halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu faktı üzə çıxarıb.
Təbii ki, halala haram qatmaq “halal” sertifikatına inamı məhv edir. İnsanlar bu kimi hallarla üzləşdikdən sonra nəinki o firmalara, ümumiyyətlə “halal” sertifikatına inanmırlar. Ümumiyyətlə, Bakıda məşhur kolbasa istehsalı müəssisəsində məhsulların istehsalında ciddi nöqsanlar aşkarlanıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “Orxan SS” İstehsal-Kommersiya Firmasına məxsus istehsalat sahəsində apardığı yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyənləşib.
Müəssisədə istehsal olunan «CF» və «Kristal» əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı “Baranina”, “Krakovskaya”, “Servelat Xəzər”, “Kristal Həvəskar”, “Ukrainskaya kopçennaya” kolbasaları və “Təndir” sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu
müəyyən edilib. Eyni zamanda, “Baranina”, “Kristal Həvəskar”, “Servelat Xəzər”, “Doktorskaya”, “Krakovskaya”, “Oxotniciye”, “Pəhriz”, “Servelat” və “Salyami” kolbasaları və “Təndir” sosiskalarının istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yanlış məlumatların verildiyi müəyyən edilib. Qanun pozuntusuna yol vermiş “Orxan SS” İstehsal-Kommersiya Firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi açıqlanıb.
Hərc-mərclik, “halal” saxtakarlığı...
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirmişdi ki, araşdırma yekunlaşandan sonra nəticə ictimaiyyətə açıqlanacaq. F.Talıblı onu da qeyd etmişdi ki, ticarət şəbəkələri həmin müəssisənin məhsullarını qəbul etmirlər: “Həmin müəssisənin məhsulları ticarət müəssisələrindən geri çağırılıb. İstehsalı dayandırmaq üçün araşdırmanın nəticələrini gözləməliyik”.
Beləliklə, öncə “Elba”nın, ardınca isə “Orxan-SS” firmasının istehsal etdiyi “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Təbii ki, halala haram qatmaq “halal” sertifikatına inamı məhv edir. İnsanlar bu kimi hallarla üzləşdikdən sonra nəinki o firmalara, ümumiyyətlə “halal” sertifikatına inamları qalmır. Ümumiyyətlə, “halal” sertifikatı Azərbaycanda özünü doğrultmur. “Halal” sertifikatı məsələsi ölkədə acınacaqlı vəziyyətdədir. Keçən ilin oktyabrında dünya halal konqresi olub. Dünyanın 56 ölkəsindən müsəlman alimləri toplaşıb. Üç gün müddətində müzakirələr olsa da, məlum oldu ki, “halal” sertifikatı ilə bağlı dünyada vahid mövqe yoxdur.
Dövlət Agentliyinin kağız üzərində hazırladığı standart tam beynəlxalq normalara uyğundur. Lakin onun praktikada tətbiqi demək olar ki, mümkün deyil. “Gindes” adlı xarici təşkilat
Azərbaycana halal sertifikatı verir. Amma ona cavabdehlik daşımır.
Bu sahədə böyük hərc-mərclik var. Ekspert Eyyub Hüseynov Dövlət Agentliyi və MMC-lərə əsasnamə verib. Ona görə ki, halallıq sertifikatının qəbul olunmasına qeyri-hökumət təşkilatları, dövlət orqanları, İqtisadiyyat Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi və mətbuatın iştirakı ilə kollegial qərar qəbul olunmalıdır.
Hazırda bu əsasnamə müzakirədədir. Bu istiqamətdə şəffaf mühit olmasa, tam halallıq tələblərinə cavab verməyən belə malların bazarda satışını mütləq alınmalıdır. Halal sertifikatı ölkəmizdə özünü doğrultmayıb.
Çünki iş şəffaf şəkildə həyata keçirilmir. Burada təkcə donuz məsələsi deyil. Kim zəmanət verə bilər ki, əti kəsən adam üzü qibləyə dayanıb və kəsərkən digər ayinləri də icra edib? Kim zəmanət verə bilər ki, Hindistandan gətirilən ətin başına bir dəfə bıçaq çəkilib?
Bu suallar açıq qalıb. Kolbasa məmulatlarının içərisində 20 inqrident var. Məlum olub ki, inqridentlərin biri böcəkdən hazırlanır.
Xatırladaq ki, hazırda ət və ət məhsulları istehsalı zamanı ətindən istifadə edilən heyvanların kəsimi Azərbaycanda yox, xarici ölkələrdə aparılır və Dövlət Komitəsi də həmin xarici ölkələrin müsəlman idarələri tərəfindən verilən rəyləri əsas götürür.
Bundan sonra isə kolbasa və digər ət məhsullarının istehsalı prosesində Azərbaycanda yerli kəsimdən istifadə edən şirkətlər məhsullarına “Halal qida.
Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq istəyəcəklərsə, bu zaman Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) QMİ-nin də rəyini təqdim etməli olacaqlar.
Bazarda üstünlük təşkil edən “Lider”, “Hacı Turqay”,”Sab”, “Kral”, “Ovçu”, “Kristal”, “Sevimli Dad” eləcə də digər kolbasa və sosislərin tərkibinə nəzər yetirsək, 10-15 faiz zülal, 20-30 faiz piyin payına düşür.
Hansı ki bunun özü də kifayət qədər ciddi fərqdir. Xüsusilə, Hindistandan camış ətinin idxalı daha ucuz başa gəldiyindən yerli kolbasa istehsalında mal əti adı ilə camış ətindən geniş istifadə edilir. Uzağa getməyək, götürək elə kolbasa, sosis sənayesində kifayət qədər məşhur olan “Sab” nişanlı eyni məhsulları.
“Sab” nişanı ilə kolbasa, sosis məhsulları istehsal edən “Zəhmət-Ruzi” şirkətini. Şirkətin rəhbərliyi özü müsahibələrində xammalın 50-60 faizini Hindistandan, 30-35 faizini yerli bazardan aldıqlarını etiraf edir.
Lakin onları ətraflı dinlədikdə bəlli olur ki, həmin rəqəm daha yüksəkdir. Yalnız təchizetmə ilə bağlı gecikmələr olduqda yerli ət alırlar.
Götürək ticarət şəbəkələrinin piştaxtalarını bəzəyən “Lider RM” ASC-nin məhsullarını. Müəssisənin kolbasa və sosisləri reklam olunduğu kimi heç də standartlara uyğun deyil. ASC fəaliyyətə başladığı 1996-cı ildən bu tərəfə məhsul assortimentini 120-yə çatdırsa da, bazarın müvafiq seqmentində ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməyib.
“Ovçular” niyə bağlanmadı?
Götürək digər digər istehsalçı olan “Ovçular ət və ət məhsulları” MMC-ni. Bu gün Dövlət Xidməti tərəfindən bir sıra kolbasa və sosis çeşidlərinin istehsalına qadağa qoyulan “Ovçular ət və ət məhsulları” MMC yenə də istehlak bazarını ət məhsulları ilə təchiz edir.
O zaman MMC «Servelat halal", "Ovçular halal", "Həvəskar", "Hinduşka" kolbasalarının və "Moloçniye" sosiskalarının gigiyenik sertifikat və müvafiq resepturası olmayıb. “Ruskaya” “Servelat”, “Moskovskiy servelat”, “Oxotniçaya”, “Lyubitelskaya”, “Doktorskaya”, “Halal bərəkət”, “Halal”, “Domaşniy”, “Halal ovçular” kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş Almaniya istehsalı olan "Sorbat R" adlı qılaf təmizləyicidən istifadə etməkdə ittiham olunurdu. Həmin ərəfədə "Ovçular ət və ət məhsulları" MMC-nin qapadılması gözlənilsə də bu baş vermədi.
Yada salaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov “Azərbaycanda heç bir müəssisə halal kolbasa və sosis istehsal etmir” deyə açıqlama vermişdi. Halbuki satışda olan əksər kolbasa və sosis məmulatlarının üzərində “halal” sözü qeyd olunub. Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun sözlərinə görə, kolbasaların tərkibi daha çox quş peyinindən, civə jımıxından və neft parafinindən mikrobioloji yolla alınmış zülallardır.
Sorğu
Yeni dizaynımız necədir?