İlin əvvəlindən başlayaraq Azərbaycan manatı sürətlə dəyər itirməkdədir. Milli valyutamızın dollar və avro qarşısında ucuzlaşmasını nə qədər iqtisadi amillər şərtləndirsə də burada bir o qədər də kənar faktorların rolu var. Mərkəzi Bankın açıqladığı son rəqəmlərdən aydın olur ki, təxminən 3 ay ərzində bankın valyuta ehtiyatlarında 4 milyard 290 milyon dollar azalma olub. Hazırda Mərkəzi Bankın rezervləri 9 milyard 470 milyon dollar təşkil edir. Təkcə mart ayında, yəni manatın 34 faizlik devalvasiyasının ardınca Mərkəzi Bankın valyuta ehtiyatları 1,5 milyard dollar azalıb. Bu isə onu göstərir ki, hökümətin sərt tədbirlərinə baxmayaraq dollar spekulyantlarının qarşısını almaq mümkün olmayıb. Milli valyutamızın yeni devalvasiyası artıq rəsmən təsdiq olunmağa başlayıb. Çünki hökümətin başqa alternativi də yoxdur. Əks halda ilin sonuna qədər Mərkəzi Bank bütün rezervlərini itirə bilər. Yeri gəlmişkən prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışı zamanı fevral ayındakı kəskin devalvasiyasının səbəbinin məhz dollar spekulyantlarını neytrallaşdırmaq olduğunu bildirmişdi. Bu arada daxil olan məlumata görə, son 3 ayda Azərbaycandan təxminən 5 milyard dollar xaricə çıxarılıb. Ən yüksək səviyyədə hüquq mühafizə orqanlarına tapşırılıb ki, spekulyantların kimliyi və valyutanı ölkədən necə çıxardıqları araşdırılsın. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycandan böyük həcmdə pul çıxaran şəbəkə devalvasiyadan milyardlarla dollar qazanıb. Ölkənin ən iri bankı olan Beynəlxalq Bankda rəhbər dəyişikliyinin də məhz bu səbəbdən baş verdiyi bildirilir. Məlumatda deyilir ki, spekulyantlar devalvasiyanın əvvəlcədən olacağını proqnozlaşdırıb böyük həcmdə vəsaiti dollara, daha sonra isə Rusiya rublunə keçirərək ölkədən çıxarıb. Azərbaycandan çıxarılan sözügedən həcmdə vəsaitin böyük hissəsi Türkiyə iqtisadiyyatına yatırılıb. Bu prosesdə xaricdə filialı olan bankdan istifadə olunub. Yeri gəlmişkən Türkiyə iqtisadiyyatına qoyulan bu yatırımlar “Bloomberg” Agentliyinin də diqqətini çəkib. Agentliyin məlumatında deyilir ki, bu ildən başlayaraq Türkiyəyə mənşəyi bilinməyən böyük həcmli kapital axını başlayıb. Türkiyə Mərkəz Bankı mənşəyi bilinməyən 4,3 milyard dollar vəsaitin ölkəyə daxil olmasını təsdiqləyib. Sözügedən kapitalı axını sayəsində Türkiyənin tədiyyə balansının göstəriciləri xeyli yaxşılaşıb, ölkənin valyutaya tələbatı xeyli dərəcədə ödənib, cari hesablar balansının kəsiri ötən ilə nisbətən 4.2% azalıb
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?