Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonu ərazisində baş vermiş faciəli yanğın hadisəsi ilə bağlı modern.az saytının suallarına cavab verib.
- Hacıbala müəllim, bu gün bəzi KİV-lər yanmış binanın zərərçəkən sakinləri üçün nəzərdə tutulan 1000 manatlıq kompensasiyanın ödənilmədiyi, əvəzində 500 manat verildiyi barədə informasiyalar yayıb...
- Tamamilə yalandır. Binəqədi rayonunda, 5-ci Polis Bölməsində qərargah yerləşir. Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri o qərargahdadır, müraciət edə bilərsiniz. Bu gün həmin binada yaşayanların hamısına 1000 manat verilib. Amma sonradan onlara harada yaşamasından asılı olmayaraq, mənzil haqqı da ödəniləcək.
- Bununla yanaşı, qeyd olunur ki, evsiz qalan insanlar rəsmi açıqlamalarda deyildiyi kimi koteclərə, sanatoriyalara yerləşdirilməyib...
- O da yalandır. Mən özüm şəxsən yoxlamışam. 6 nəfər Goradildə ayrı-ayrı koteclərə yerləşdirilib, 4 yer də boşdur, yenə də istəyən insanları ora göndərməyə hazırıq. Buzovnadakı gözəl bir pansionatda 61 yer ayrılıb. Artıq 12 nəfər ora yerləşdirilib, yenə də boş yerlərimiz var. Onlar yemək də daxil olmaqla hər bir şeylə təmin olunur. Digər tərəfdən, Bilgəhdə 36 yer ayrılıb. Kim istəyir Binəqədi rayonundakı qərargaha müraciət edir və biz də onları həmin yerlərə yerləşdiririk. Əgər kimsə ayrılan yerlərdə qalmaq istəmirsə, kirayə ev də tuta bilər. Bununla belə, qohum evində qalsalar da, kirayə haqqı ödənilir.
- Hacıbala müəllim, keyfiyyətsiz üzlüklərlə bağlı məsələ nə yerdə qaldı? Sökülməsinə qərar verildimi?
- Sabahdan Fövqəladə Hallar Nazirliyi ilə müvafiq strukturların nümayəndələri hər binadan ayrı-ayrılıqda materiallar götürəcək və laborator müayinələr aparılacaq. Müayinə zamanı materialın insan sağlamlığına ziyanı, üzlük kimi istifadəyə yararlı olub-olmaması və yanğına davamlılığı yoxlanılacaq. Çıxarılan nəticə ilə bağlı verilən arayışa uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti öz qərarını verəcək
- Bu gün saytımıza açıqlamasında müxtəlif regionların İcra hakimiyyətlərinin nümayəndələri binalara vurulan üzlüklərin sökülməsi üçün Bakıdan rəy gözlədiklərini bildiriblər. Digər şəhər və rayonlarda da üzlüklərin sökülməsi nəzərdə tutulubmu?
- Əgər bu tədbirlər Bakı şəhərində keçirilirsə, hansı rayonda, şəhərdə olmasından asılı olmayaraq, tədbirlər orda da davam etdiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?