Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller Sankt-Peterburqda keçirilən İqtisadi Forum-2015 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüş zamanı “AzMeCo” metanol zavodunu qazla təmin etmək təklifini irəli sürüb. Bu barədə “Report”a SOCAR-dan bildiriblər. Məlumata əsasən, təklif SOCAR rəhbərliyi tərəfindən müsbət qiymətləndirilib. Qeyd edək ki, illik istehsal gücü 720 000 ton metanol olan "AzMeCo"nun (AzMeCo-Azerbaijan Methanol Company) əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər "AzMeCo"da 193 min. ton məhsul istehsal edilib, o cümlədən 191 min. ton metanol satışı həyata keçirilib. Nəticədə, Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib. Zavodun qaza olan illik tələbatı isə 600 milyon kubmetr həcmində qiymətləndirilir. Xatırladaq ki, Sankt-Peterburqda keçirilən İqtisadi Forum çərçivəsində, həmçinin SOCAR və Rusiya “Qazprombank”ı Azərbaycanda polipropilen və polietilen istehsalı ilə məşğul olacaq "SOCAR Polymer" zavodunun inşasının maliyyələşdirilməsi ilə bağlı razılaşma imzalanıb. Sənədi “Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov və SOCAR prezidenti Rövnəq Abdullayev imzalayıblar. "Qazprombank"ın İnvestisiya Komitəsi “SOCAR Polymer" üçün 10 il müddətinə 489 mln. dollar həcmində kredit ayırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?