Müşavirə vaxtı Leyla Yunus zaldakı səfirliklərin nümayəndələrinə müraciət edib. O, həbsxanada ona verilən Harvoni dərmanlarını istifadə etdikdən sonra özünü pis hiss etdiyini deyib
İyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Sülh və Demokratiya İnstitutunun təsisçisi Leyla Yunusun və həyat yoldaşı, tarxiçi-alim Arif Yunusun məhkəmə prosesi başlayıb. Hakim bildirib ki, iş üzrə Leyla Yunusun müdafiəsini vəkillər - Elçin Qəmbərov və Ramiz Məmmədov, Arif Yunusun müdafiəsini isə Əfqan Məmmədov təmin edəcək.
Leyla və Arif Yunuslar prosesi şüşə qəfəsdən izləyiblər. Artıq bir ildir ki, bir-birilərini görməyən Arif və Leyla Yunusların qəfəsin içində bir-birilərini oxşaması prosesin diqqət çəkən məqalarından olub.
Müdafiə tərəfinin vəkilləri cinayət işiinin əsassız olduğunu bildirərək, işə xitam verilməsini, Arif Yunusun həbs-qətimkan tədbirinin ləğv edilməsi, müdafiə etdikləri şəxslərin şüşə qəfəsdən çıxarılaraq, vəkillərin yanında oturması ilə bağlı vəsatətlər qaldırıblar. Hakim dövlət ittihamçısı Fərid Nağıyevə söz verib. O, qaldırılan vəsatəytlərin təmin olunmamasını istəyib.
Daha sonra ittiham tərəfinin zərərçəkmiş kimi təqdim etdiyi, lakin müdafiə tərəfinin zərərçəkmiş kimi "Transprency International" təşkilatının Azərbaycan milli bölməsi olan "Şəffaflıq Azərbaycan" təşkilatının icraçı direktoru Rəna Səfərəliyevanın səlahiyyətli nümayəndəsi Şöhrət Allahverdiyevə söz verilib. Ş.Allahverdiyev də hakimdən müdafiə tərəfinin vəsatətlərini təmin etməməyi istəyib.
Hakim təqsirləndirilən şəxslərdən vəsatətlərə münasibətlərini soruşub. Hər iki tərəf vəkillərin vəsatətləri ilə razılaşdıqlarını açıqlayıb.
Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirə vaxtı Leyla Yunus zaldakı səfirliklərin nümayəndələrinə müraciət edib. O, həbsxanada ona verilən Harvoni dərmanlarını istifadə etdikdən sonra özünü pis hiss etdiyini deyib. Daha sonra jurnalistlərə üzünü tutan xanım Yunus bildirib ki, o, məlum məhkəmədən əvvəlcədən heç nə gözləməyib:
"Həmçinin də, istintaqdan heç nə gözləmədiyimizdən əvvəlcədən mən də, Arif də heç bir suala cavab verməmişik. Çünkü bu məhkəmənin tamaşa olduğu bəlli idi. Təsəvvür edin ki, qəzet materiallarını sübut kimi işə əlavə ediblər. Siz nə vaxtsa belə şey görmüsünüzmü? Bu işin qanunsuz olduğunu sübut edən yüzlərlə nüans var. Mən sizə birini deyəcəm. Təsəvvür edin ki, Arifi ona görə dələduzluqda ittiham edirlər ki, o, bir hesabından digər hesabına pul keçirib".
Leyla Yunus daha sonra bildirib ki, həbsxanada ona qarşı təzyiqlər var. O, ötən ilin 23 sentyabrında, 11 dekabrında mayor həbsxanada döyüldüyünü bildirib. Onun sözlərinə görə, həbsxanada ona sonuncu dəfə ötən ayın 20-də fiziki təzyiq olub. Bu təzyiqlər nəticəsində, o, sol gözünün görmədiyini bildirib.
Müşavirədən sonra hakimlər qərarı açıqlayıb. Qərar açıqlanarkən, Leyla Yunus etiraz edib. Hakimlərlə birgə danışan xanım Yunus bu qərarın qanunsuz olduğunu, ona söz verilmədiyini bildirib: "Siz özünüz qanuna hörmət qoymursunuz. Mənə söz vermədiniz. 2 dəqiqə mənə söz vermədiniz. Bu, düzgün deyil. Etiraz edirəm".
Hakimlərin qərarına əsasən, müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb. Hakim üzünü Leyla Yunusa tutaraq, onu məhkəməyə hörmət etməyə çağırıb: "Leyla Yunus, biz sizə söz verdik. Siz də fikrinizi bildirdiz". Leyla Yunus isə cavabında ona söz verilmədiyini, tərcüməçinin onu xəbərdar etmədiyini deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?