Bu olay haqda əldə edəcəyimiz istənilən məlumat diqqətinizdən yayınmayacaq
İki gündür ölkə mətbuatının gündəmini zəbt eləmiş Leyla və Arif Yunus məsələsinə qayıdaq. “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunusun şahid qismində dindirilməsilə bağlı proses bu gün də davam edib. Bir gün əvvəl hava limanında ölkədən çıxmağa cəhd edən bu cütlüyün evində və ofisində axtarış aparıblar. Onların dindirlməsi isə dövlətə xəyanət və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq ittihamları ilə həbs edilmiş jurnalist Rauf Mirqədirovun işi ilə əlaqədar olmuşdu. Baş Prokurorluğun açıqlamasında da kifayət qədər maraqlı məqamlar var. Baş Prokurorluğun əməkdaşları əvvəlcə “Sülh və Demokratiya İnstitutu”nun ofisi kimi istifadə olunan Nizami küçəsi, 53 ünvanında, sonra isə Leyla Yunusun yaşadığı evdə axtarış həyata keçirdilər. Prosesdə hal şahidləri, Leyla Yunusun özü və vəkili də iştirak edib. Axtarışların bir neçə saata yaxın davam etdiyi bildirilir. Axtarış başa çatdıqdan sonra Leyla Yunus jurnalistlərə açıqlamasında deyib ki, əməliyyatçılar ofisdən bəzi müqavilələri, həyat yoldaşı Arif Yunusovun müəllifi olduğu kitabları, Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surətini, Almaniyadakı bank hesablarının plastik kartları, həmçinin Leyla Yunusa 1994-cü ildə erməni tarixçisi tərəfindən verilmiş vizit kartını götürüblər. Baş prokurorluğun yaydığı məlumatda isə bildirilir ki, Leyla və Arif Yunusovlara iş üzrə dindirilmələri üçün istintaqa gəlmələri məqsədilə çağırış vərəqələri təqdim edilməsinə, həmçinin dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq onlar üzrlü səbəb olmadan qəsdən istintaqdan yayınıblar. Arif Yunusov aprelin 25-də “Hipertoniya xəstəliyi hipertonik kriz” diaqnozu ilə xəstəxanaya daxil olaraq aprelin 28-də xəstəxanadan buraxılsa da, ifadə vermək üçün istintaqa gəlməyib və banklardan birindən küllü miqdarda pul çıxarmağa cəhd edib. Aprelin 28-də onlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyilə respublikanı birdəfəlik tərk etmək niyyətilə saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək Bakı-Doha aviareysilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb.
Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirərkən orda iş üçün əhəmiyyət kəsb edəb sənəd və əşyalar, o cümlədən Leyla Yunusun xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Hələlik prokurorluğun araşdırması davam edir, əldə edəcəyimiz istənilən məlumatı diqqətinizdən yayındırmayacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?