Prezidentin 10 gün əvvəl səsləndirdiyi kəskin tənqidlər cavabsız qaldı və ya AZAL kimi aldadır?
“AZAL biletlərinə 20 faiz endirim tətbiq edilməsindən sonra da başqa ölkələrə uçmaq üçün Tiflisə gedən Azərbaycan vətəndaşlarının sayı heç də azalmayacaq”. Bu barədə nəqliyyat üzrə ekpert Ərşad Hüseynov avqustun 1-dən "Azərbaycan Hava Yolları" QSC-nin bəzi istiqamətlər üzrə biletlərin 30%-inə 20% endirim tətbiq edəcəyi barədə yaydığı xəbəri şərh edərkən bildirib.
Məsələ bundadır ki, "Azərbaycan Hava Yolları" (AZAL) QSC bu addımı könüllü şəkildə atmayıb. AZAL-ın qiymətlərinin yüksək olması ilk dəfə iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda dövlət başçısı İlham Əliyev tərəfindən kəskin tənqid edilmişdi: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?”.
Prezidentin bu cür kəskin çıxışının ciddi əsasları var. İndi Bakıdan hətta İstanbula uçmaq üçün Tiflisə üz tutanlar çoxdur. Səbəb aydındır, təyyarə biletlərinin qiymətində iki dəfəyə qədər fərq var. Məsələn, sabahkı tarixə - iyulun 23-ünə Bakıdan İstanbula bir baş gediş üçün Atatürk hava limanına ən ucuz bilet 192 avroya təklif edilir. Amma həmin tarixdə Tiflisdən Atatürk hava limanına gediş-gəliş biletini 166 avroya həll etmək mümkündür.
Səfəri bir az təxirə salıb avqustun 15-dən uçmağı qərara aldıqda isə gediş-gəliş biletini 144 avroya almaq olar. AZAL-da isə həmin tarix üçün İstanbulun Atatürk hava limanına bilet 280 avroya təklif edilir.
Bu, nəinki Azərbaycanın qərb bölgələrinin, hətta paytaxt Bakının sakinlərini belə xarici səfərlərə Gürcüstan paytaxtından getməyə meylləndirir. Bakıdan Tiflisə avtobusla gediş də elə baha deyil, 10-12 manata gecə saat 12-də avtobusa minib, səhər saat 09-də Tiflis hava limanına çatmaq mümkündür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?