Bakı şəhərindəki sürüşmə təhlükəli zonaların irimiqyaslı tədqiqi aparılır.
AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya bildirib ki, tədqiqat işləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrantı hesabına aparılır.
E.Əlizadənin sözlərinə görə, məqsəd Bakı şəhəri ərazisinin irimiqyaslı rəqəmsal geomorfoloji tədqiqatlarını apararaq xəritələr tərtib etməkdir: “O cümlədən məqsəd sürüşmə zonalarının hər birinin 3D, yəni üç həcmli modelini hazırlamaqdır. Bu məqsədlə Coğrafiya İnstitutunun əməkdaşları Bakı şəhərindəki sürüşmə təhlükəli zonaların tədqiqini aparırlar. Artıq Bayıl amfiteatrı zonasında, Teleteatrdan başlayaraq Şəhidlər Xiyabanı zonasından Badamdar yamacına qədər olan bütün ərazinin irimiqyaslı tədqiqatları aparılıb”.
Direktor müavini bildirib ki, Əhmədlidə “Ukrayna” meydanı, Günəşlidə kərpic zavodu ərazisi və Zığ yamacında olan sürüşmə təhlükəli zonalar tədqiq olunub: “Bu ərazilərin bəzilərində yamac bərkitmə işləri aparılsa da, sürüşmə təhlükəsi qalmaqdadır. Düzdür, hazırda həmin zonalarda tam sabitlikdir, yay olduğu üçün rütubət yoxdur. Ümumilikdə götürəndə Şəhidlər Xiyabanı ərazisində vəziyyət normaldır. Yerdə qalan zonalarda, xüsusilə Günəşlidəki kərpic zavodu ərazisində və Zığ yamacındakı sürüşmə zonalarında isə vəziyyət xüsusilə təhlükəlidir”.
E.Əlizadə qeyd edib ki, rütubətin artması ilə tədqiq olunan sürüşmə sahələrinin fəallaşması realdır: “Habelə yağıntıların miqdarının artması və kommunikasiya xətlərində hər hansı qəzanın baş verməsi ilə əraziyə güclü su daxil ola bilər ki, bu da həmin sürüşmə təhlükəli zonaların aktivləşməsinin çox real olduğunu göstərir”.
Direktor müavini onu da qeyd edib ki, növbəti tədqiqat işləri Masazır qəsəbəsindəki sürüşmə təhlükəli zonalarda aparılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?