Ölkədə tüğyan edən məmur özbaşınalığından əziyyət çəkən minlərlə, on minlərlə sadə vətəndaşlar, xırda və nisbətən iri sahibkarlar prezident İlham Əliyevin son müşavirələrdə səsləndirdiyi bir sıra fikirlərdən ürəklənərək pozulmuş hüquqlarının bərpasına nail olmaq üçün yenidən səfərbər olunublar. Elə ona görə də son günlər müraciət edən şikayətçilərin sayında nəzərə çarpacaq artım müşahidə olunur. Görünür, əli hər yerdən özülən, məmurların etdikləri çoxsaylı özbaşınalıqlara baxmayaraq sonadək cəzasız qalacaqlarını ehtimal edərək öz aqibətləri ilə barışan insanlar prezidentin son günlər məmurları sərt tənqid etməsindəın, problemləri təfsilatıyla sadalyaraq ölkədə məmurların günahı ucbatından baş verən bütün eybəcərliklər barədə kifayət qədər məlumatlı olmasını dilə gətirməsindən sonra “bəlkə də nəsə oldu” deyib yenidən haray çəkirlər… Bu harayın biri də iş adamı Nadir Feyziyevə aiddir. N. Feyziyev İmişli rayon icra hakimiyyəti başçısından sinədağlıdır və etiraf edək ki, onun söylədiklərini olduğu kimi oxuculara təqdim etsək hamını heyrət bürüyər və bəlkə də çoxları inanmaz ki, hüquqi dövlətdə belə bir rüsvayçılıq baş vermiş ola, bunu edənlər də cəzadan yaxa qurtararaq hələ şikayətçini hədələyə. Amma N. Feyziyev də inadından dönənə oxşamır və deyir ki, son nəfəsindək 2 il öncə İmişlinin abadlıq – quruculuq işlərinə xərclədiyi və bu günədək ala bilmədiyi 370 min manat pulu Vilyam Hacıyevdən almaqda israrlıdır. Onun iddiasına görə, yeri gəlmişkən bu iddia məhkəmə qətnaməsi ilə də təsdiqini tapıb ki, o İmişli rayonun abadlaşdırılması üçün ümumilikdə 580 min manatlıq iş görsə də icra hakimiyyəti yalnız 210 min manat pul ödəyib, yerdə qalan 370 min manatı isə daş atıb başlarını turular ki, vermirik… Maraqlı bir məqamsa ondan ibarətdir ki, İmişli rayon icra hakimiyyəti öz pulunu israrlı şəkildə tələb edən iddiaçıları qorxutmaq üçün məhkəməyə də müraciət edib. Amma nə qədər qəribə və bu günki ölkə reallıqlarına zidd olsa belə məhkəmədə iddiaçının deyil, cavabdehlərin haqlı olduğu sübuta yetirilib və icra hakimiyyəti tərəfindən həmin pulların ödənilməsi haqqında qətnamə də çıxarılıb. Amma Vilyam Hacıyevin bu günədək məhkəmə qətnamələrinə əhəmiyyət vermədiyini bildiriən Nadir Feyziyev deyir ki, müraciət etmədikləri ünvan qalmayıb. Hətta iş o yerə çatıb ki, dəfələrlə Prezident Administrasiyasında olub, Prezident Administrasiyasının rayon üzrə kuratoru da onunla birlikdə İmişliyə ezam olunub, icra başçısına bu pulun ödənilməli olduğunu bildirib, amma bu cür yüksək çinli məmurun müdaxiləsi də bir işə yaramayıb. N. Feyziyevin təqdim etdiyi sənədləri, məhkəmə qətnamələrini araşdırdıqca adamı dəhşət bürüyür və prezident İlham Əliyevin bir müddət öncə “mən bilirəm ki, rayonlarda icra başçıları sahibkarları işlədir, sonra pullarını verməkdən boyun qaçırırlar, bu dözülməzdir” deməsi yada düşür. Bəli, gerçəkdən də dözülməzdir. Görəsən, ölkənin rəhbərindən başqa daha kim bu cür açıq mətnlə “balaca padşahlar”ın iş adamlarına qan uddurmasına etiraz səsini qaldırmalıdır ki, bu kimi məsələlər həllini tapsın? Yoxsa prezidentin də qərəzli danışdığını iddia edənlər tapılacaq? Biz də fürsətdən istifadə edərək Prezidentin səsinə səs veririk və özünün də bu günlərdə ifadə etdiyi kimi, onun dostu, köməkçisi olaraq addımbaşı eşitdiyimiz, gördüyümüz məmur özbaşınalıqlarıyla bağlı haray çəkirik. Yuxarıda qeyd olunan problemin də həllini tapması üçün prezidentin tapşırıqlarının vicdanla yerinə yetirilməsinə, halallıq və ədalətin bərpasına nail olunmasına ehtiyac var. Ümid edirik ki, Prezident Administrasiyası rəhbərliyi prezident İlham Əliyevin göstərişlərinə, tapşırığına səs verərək bu kimi problemlərin həllinə əncam çəkəcəklər.(moderator.az)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?