"Mən əminəm ki, AXCP adının alınmasına nail ola biləcəyik"
"Mən Cəmil Həsənlinin bir ziyalı, ağsaqqal kimi hörmətini saxlayıram"
AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və bir qrup narazı cəbhəçi avqustun 19-da mətbuat konfransı keçirərək yeni hərəkata başladıqlarını elan ediblər. R.Nurullayev çıxışında bildirib ki, ölkədə ciddi bir müxalifət problemi var: "Hazırkı müxalifətin formatı heç də nəticəyə gətirib çıxara bilməz. Burada sanki hakimiyyət və müxalifət bir-birinə pas ötürərək iqtidarı indiki komandada saxlamağa meyllənir. Neçə illər bu format dəyişməyib. Ona görə qərara gəldik ki, yeni bir partiyaya ehtiyac yoxdur. Biz AXCP adına iddia edirik və hesab edirik ki, orada olan bütün cəbhəçiləri də öz ətrafımıza gətirə biləcəyik. Artıq bununla bağlı danışıqlar olub. Əli Kərimli ya sədrlikdən gedəcək, sıravi üzv olaraq qalacaq, ya biz təmsilçilik uğrunda mübarizə aparacağıq. Təmsilçiliyin bizə verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Ondan bir möhürü almaq lazım gələcək. Bu, bütün cəbhəçilərin fikridir". Qeyd edək ki, Razi Nurullayevin komandasının partiyanın adına iddia etməsi qarşı tərəfin ironik münasibətilə qarşılanıb. AXCP-dən bildiriblər ki, AXCP adına iddia edənlər çox olub, ancaq nəticəsi göz qabağındadır. Biz yaranmış vəziyyəti şərh etmək üçün Razi Nurullayevin özü ilə əlaqə saxladıq. O, "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, partiyanın adına iddia etmək üçün həm hüquqi, həm də mənəvi haqları var: "Azərbaycanın tanınmış hüquqşünaslarından biri olan Əliməmməd Nuriyev də bu məsələnin hüquqi aspektinə şərh verib. Bildirib ki, Ədliyyə Nazirliyinə təqdim olunan məlumatlar əsasında bu istiqamətdə yoxlamalar aparıla bilər. Bunun üçün hüquqi prosedur həyata keçirilməlidir. Hüquqi təmsilçilik məsələsinə aydınlıq gətirmək üçün bizim hüquqşünaslar lazım olan işləri görəcək. Mən əminəm ki, AXCP adının alınmasına nail ola biləcəyik". Razi Nurullayev tədbirdə ətrafında əyləşən adamların son vaxtlar AXCP ilə heç bir əlaqəsinin olmadığına dair səslənən iradlara da aydınlıq gətirdi. Onun sözlərinə görə, ətrafında olan adamların hər biri partiyada canlarını qoymuş adamlardır: "Rəfail Becanov, Rafiq Daşdəmirli, Səbuhi Əliyev, Vəli Xramçaylı - bu adamların hamısı Cəbhədə olub. Mən gənclərin də adını təqdim edəcəm. Onların hamısı son günlərə kimi Cəbhədə fəaliyyət göstərmiş şəxslərdir. Rəfail Becanov şəxsən Əbülfəz Elçibəyin təqdimatı ilə Cəbhədə olub. AXCP-nin informasiya təminatı sektorunda çalışıb. Bir sözlə, köhnə hərəkatçılardandır. Vəli Xramçaylı isə Əbülfəz Elçibəylə 70-ci illərdəki gizli dərnəklərdə tanış olub. Sadəcə, bu insanlar heç bir zaman Əli Kərimlinin qruplaşmasında olmayıb". Razi Nurullayev Cəmil Həsənlinin onun barəsində yazdığı fikirlərə də aydınlıq gətirdi: "Mən Cəmil Həsənlinin bir ziyalı, ağsaqqal kimi hörmətini saxlayıram. Bu baxımdan da onun fikirlərinə cavab vermək istəmirəm. Hesab edirəm ki, bu fikirləri Cəmil Həsənli məcburiyyətdən dilə gətirib. Çünki Milli Şura sədri kimi o, Əli Kərimli ilə bir cəbhədədir". Rəhbərlik etdiyi qrupun parlament seçkilərində iştirak edib-etməyəcəyinə dair suala isə Razi bəy belə cavab verdi: "Bu barədə danışmaq hələ tezdir. Fikrimiz var və yəqin ki, iştirak edəcəyik. Bunun hansı formada baş tutacağını isə yaxın vaxtlarda açıqlayacağıq". Razi Nurullayev yeni komanda olan şəxslərin daşıdığı görəvləri ilk olaraq "Bakı-Xəbər"ə təqdim etdi: "Cavid Musazadə - AXCP Etimad Qurultayı TK-nin üzvü; müstəqil hüquqşünas Ehtiram Mehdiyev, AXCP Etimad Qurultayı TK-nin üzvü; politoloq Səbuhi Aslanbəyli, AXCP Etimad Qurultayı TK-nin üzvü; politoloq Fəxrim Əbdüləzimov, AXCP Etimad Qurultayı TK-nin üzvü".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?