Bu gün- avqustun 23-də müxalifət daxilində yeni qüvvə olan “Ağ Blok” öz təqdimatını keçirib. ADP-nin qərargahında keçirilən tədbirdə ölkənin aparıcı siyasi partiyalarının təmsilçiləri, gəncləri, ziyalılar və hüquq müdafiəçiləri iştirak ediblər.
Tədbir zamanı blokun parlament seçkilərindəki namizədlərinin də təqdimatı da keçirilib.
Aparıcı Cavanşir Abbaslı bildirib ki, haqqı nahaqqa verməyən, gələcəyinə biganə olmayan Azərbaycan gəncliyi bu gün yeni blok şəklində toplanır: “23 avqustu Azərbaycan tarixinə qızıl hərflərlə yazırıq. Biz Azərbaycan xalqının sosial sifarişini yerinə yetirmişik. Blok birbaşa, təkcə seçkilərə istiqamətlənməyib. “Ağ Blok”un hədəfi bu ilin noyabrında keçiriləcək parlament seçkiləridir. Amma təkcə bu seçkilər deyil, həm də sonrakı seçkilərdir. Biz ciddi dəyişikliyə nail ola biləcəyik. Çünki hər zaman gənclik mübarizənin önündə olub, öz sözünü deyib”.
Namizədlərdən keçmiş siyasi məhbus Əhəd Məmmədli bildirib ki, “Ağ Blok” ləkələnməmiş insanların birliyidir: “Blokun namizədləri əsasən Azərbaycan müxalifətinin əsas partiyaları olan Müsavat, Ümid, KXCP və digər partiyaların gəncləridir. Bu gənclər cəmiyyəti gələcəyə aparmağa iddialıdır. Yaşlı nəsil yanımızda, arxamızda olsun ki, irəli şığıya bilək”.
Ümid Partiyasının təmsilçisi Xanlar Abbasov da qeyd edib ki, gənclik siyasi meydanlara qayıdır və mübarizənin effektiv olacağına ümid edir.
KXCP təmsilçisi Zəka Sahib isə bildirib ki, birləşdirici lider olan Əbülfəz Elçibəyin qəbri üstünə bir gedə bilməyən müxalifətdən bizə xeyir yoxdur: “Məğlubiyyətə məhkum olan müxalifəti meydandan çıxara biləcəyik”.
Rüfət Hacıbəyli isə deyib ki, Azərbaycan siyasətində yeni səhifə açacaqlarına əmindir: “Ləkəsiz bir blok quracağıq. Yeni nəfəs gətirəcəyik. Tam fərqli qüvvə olacağıq”. Kərim Ağarza isə deyib ki, xalq iqtidara inanmadığı kimi, müxalifətə də inanmır: “Biz müxalifətə olan inamı bərpa edəcəyik. Xalq artıq bezib”.
Elbəy Əsədov isə deyib ki, ilkin hədəf bu ilki parlament seçiləridir: “İnsanları seçkiyə gətirəcəyik”.
Namizədlərdən Tural Abbaslı isə bildirib ki, insanların siyasətdən bezdiyi məqamda “Ağ Blok”un siyasi meydana daxil olması siyasi tələbdir: “Müxalifət neçə parlament, prezident, bələdiyyə seçkilərini yola verib, hələ də zaman istəyirlər. Biz potensialımızı göstərməmişik deyirlər. Bizə müzakirə, daxili intriqa maraqlı deyil. Bəsdir xalqdan zaman istədik”...
Sonda “Ağ Blok”un bəyanatı da səsləndirilib. Bəyanatda ölkə gəncliyi birliyə çağırılıb. /müsavat.com/
Sorğu
Yeni dizaynımız necədir?