Bu gün Xətai rayonu, Cavanşir küçəsi, 10-da yerləşən ailəvi yataqxananın bir qrup sakini Prezident Administrasiyasının (PA) qarşısına toplaşıb.
30-a yaxın qadın martın 17-də baş vermiş uçqun nəticəsində qəzalı vəziyyətə düşən yataqxanada təhlükəli vəziyyət yarandığını deyiblər.
Yataqxana sakini Cəvahir Şıxəliyeva virtualaz.org saytının əməkdaşına bildirib ki, martın 17-də 4-cü mərtəbədə uçqun olub: “Uçqun nəticəsində 4-cü mərtəbənin tavanı şökdü. Hətta 3-cü mərtəbənin mətbəxi də dağıldı. Xətai Rayon İcra Hakimiyyəti də daxil olmaqla bir neçə qurumdan gəlib mətbəxtlərin qapılarını bağladılar. İndi mətbəximiz yoxdur, dəhlizdə yemək hazırlayırıq”.
Cəvahir Şıxəliyeva bildirdi ki, yataqxanada 100-ə yaxın sakin yaşayır: “5 mərtəbəli binada 100 ailə, hər ailədə isə 4-6 nəfər var. Qəzalı binaya rəy verilmir. 2013-cü ildə təmirə ehtiyacı olduğunu desələr də təmir olunmadı. 5-ci mərtəbədə yaşayan birinci mərtəbədə tualetə gedir. Su, qaz, hamam yoxdur”.
Digər sakin Xədicə Cəmiyeva isə binanın uçmaq üzrə olduğunu dedi: “Yataqxana qəzalı vəziyyətdə olduğu üçün hamam və tualetin də qapılarını bağladılar. Həyətdə tualet tikiləcək. Beşinci mərtəbədən aşağı düşməklə təmizlik olmaz. Biz artıq 30 ildir bu yataqxanada qalırıq. Bina yaşayış üçün yararlı deyilsə, bizi başqa ərazi ilə təmin eləsinlər”.
Polislərin müdaxiləsindən sonra etirazçılar Nazirlər Kabinetinin qarşısına toplaşdılar. Orada isə aksiyaçıları qəbul edəcək heç bir səlahiyyətli şəxs tapılmadı. Bundan sonra aksiya iştirakçıları geriyə - uçuq yataqxanaya qayıtdılar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?